Lavrovun İrəvan səfəri və oradakı danışıqlar barədə mətbuata, demək olar ki, heç bir açıqlama verilməsə də, bu səfərin ermənilərin ürəyincə olmadığı aşkardır.
Belə ki, geniş ictimaiyyət RF XİN başçısının Ermənistana səfəri və bu ölkənin rəhbərliyilə görüşləri barədə geniş açıqlama gözləsə də, istər Rusiya, Istərsə də Ermənistan mətbuatında ümumi sözçülükdən o tərəfə keçilmədi. İctimaiyyətin hadisələrin bundan sonra hansı istiqamətdə cərəyan edəcəyi, müharibə, ya sülh danışıqları ilə torpaqlarımızın işğaldan azad ediləcəyinə dair çoxsaylı suallarına cavab gözlədiyi bir vaxtda isə gündəmi Lavrovun Ağrıdağ heyranlığını əks etdirən fotosu və buna yazılan şərhlər zəbt etdi. Bütün bunlar isə sözügedən görüşlərin işğalçı ölkənin maraqlarına cavab verməyən nəticə ortaya qoyduğunu düşünməyə əsas verir.
Hazırda erməni mediasında qoyulan "Azərbaycan aqressor kimi tanınmasa Ermənistan hansı addımı atacaq” sualı da bu istiqamətdə gəldiyimiz qənaəti möhkəmləndirir. Üstəlik sualın ardınca o da bildirilir ki, bu ölkədə bu suallara cavab verəcək siyasi subyekt yoxdur. Küçələrə çıxıb suallarına cavab almaq istəyənlərin isə zora məruz qaldığı, dinc yürüşlərin "qırmızı beretlilər” tərəfindən vəhşılıklə dağıdıldığı bildirilir.
Hazırda bu ölkənin mətbuatında ən diqqətçəkən məqam isə ölkə başçısının reytinqinin əhəmiyyətli dərəcədə düşməsidir. Belə ki, Serj Sarkisyanın dördgünlük müharibənin ardından "hər şeyi öncədən bilib xəbər verməyən” ruslarla daha rahat danışdığı bildirilir və qeyd olunur ki, bu kart-blanşı ona ordu və vətəndaş cəmiyyəti verib. Lakin onun və ümumiyyətlə ölkə rəhbərliyinin öz vətəndaşları ilə hansı "dildə” danışacağı sual kimi qoyulur, bildirilir ki, aprel müharibəsindən keçən müddət ərzində hələ ki, ölkə rəhbərliyi öz vətəndaşları ilə polisin araçılığı ilə dialoq qurub. Üstəlik, aprelin 22-də polisin dubinkası ilə "ölkədə kimin söz sahibi olduğu” onlara xatırladılıb.
Bu skeptik yanaşmanın arxasında Sarkisyana öz ölkəsində böyük bir antipatiyanın durduğunu sezməmək mümkün deyil. Nəzərə alsaq ki, RF XİN başçısının İrəvan səfəri öncəsi onun sözçüsü Mariya Zaxarova "Lavrovun heç yerə əliboş getmədiyini” bildirmişdi, bu "hədiyyə”nin nədən ibarət olduğunun açıqlanmasının onun sonunu gətirəcəyi şübhə doğurmur. Belə görünür, Lavrovun İrəvan səfəri guya Qarabağ düyününün çözümünü nəzərdə tutsa da, Ermənistan rəhbərliyinin – Qarabağ klanının taleyinə daha bir "düyün” vurub.
Samirə SƏFƏROVA