Cümə günü onlarla ölkədə İsrailə göndərilən silahların daşınmasına qarşı tətillər və etiraz aksiyaları keçirilib. Təşkilatçıların məlumatına görə, 22 ölkədə 113 limanı təmsil edən 25-dən çox həmkarlar ittifaqı bu beynəlxalq aksiyaya qoşulub. Tətillər nəticəsində yükləmə-boşaltma əməliyyatları dayanıb, gəmilərin hərəkətində gecikmələr yaranıb və bərə səfərləri ləğv edilib.
"Reuters" agentliyinin xəbərinə görə, ən ciddi aksiyalar Yunanıstan və Fransada baş verib. Yunanıstanın Pirey limanında təxminən 3000 işçi tətilə qoşularaq yük əməliyyatlarını dayandırıb və adalara gedən bərə əlaqələrini pozub.
AFP-nin məlumatına görə, Le Havr limanında yükləmə-boşaltma işləri demək olar ki, tamamilə dayanıb. "Haropa" liman kompleksinin rəhbərliyi səkkiz gəminin gəlişinin gecikdiyini və bir kruiz gəmisinin səfərinin ləğv edildiyini bildirib, lakin ümumilikdə liman fəaliyyətinə təsirin məhdud olduğunu qeyd edib. Dunkerkdə konteyner terminalı işləməyə davam etsə də, quru və maye yüklərin daşınması dayandırılıb. Nant-Sen-Nazer limanında isə doqquz gəmi lövbər yerində qalıb və onlara heç bir xidmət göstərilməyib. İtaliyada Genuya, Livorno, Triest, Gioia Tauro və digər liman şəhərlərində tətillər və nümayişlər keçirilib. Yerli "Livorno Netweek" nəşrinin məlumatına görə, USB həmkarlar ittifaqı Livorno limanında işin tamamilə dayandığını bildirib; adalara gedən iki gəmi lövbər yerində qalıb. Təşkilatçılar həmin şəhərdə keçirilən nümayişdə – liman işçiləri, tələbələr və müxtəlif peşə sahibləri də daxil olmaqla – təxminən 20 000 nəfərin iştirak etdiyini bildiriblər. Etiraz aksiyaları İspaniya, Türkiyə, Mərakeş və digər ölkələrdə də baş tutub. Təşkilatçılar mülki limanlardan silah, sursat və hərbi texnikanın daşınması üçün istifadə edilməsinə qarşı çıxıblar. İsrailə hərbi daşınmalara son qoyulması çağırışı ilə yanaşı, iştirakçılar daha yüksək əməkhaqqı, iş şəraitinin yaxşılaşdırılması və silahlı münaqişə zonalarında dənizçilərin təhlükəsizliyinin təmin edilməsini tələb ediblər.
SAMİRƏ