Polşanın Rumıniyadakı səfiri Boqdan Solox istefa verdiyini açıqlayıb. Diplomat bunu ölkənin Konstitusiya Məhkəməsinə nəzarəti qanunsuz olaraq ələ keçirmək cəhdi ilə əlaqələndirib.
"Konstitusiya Tribunalının qanunsuz ələ keçirilməsi cəhdinə görə, Polşanın Rumıniyadakı səfiri vəzifəsində çalışmağa davam etməyin yolunu görmürəm" – deyə Solox sosial mediada yazıb .
Onun sözlərinə görə, o, qərarı barədə Polşa prezidentinə və xarici işlər nazirinə məlumat verib.
Bundan əvvəl Polşanın Çindəki səfiri Yakub Kumoç da istefa verdiyini açıqlayıb. O da istefasını ölkə daxilində baş verən hadisələrlə də əlaqələndirib. Diplomat yazıb: "Ölkədəki mövcud vəziyyəti nəzərə alaraq, Polşa səfiri vəzifəsində fəaliyyətimi davam etdirməyin artıq mümkün olmadığına qərar verdim. Bu gün istefa ərizəmi təqdim etdim və vəzifəmdən geri çağırılmaq üçün müraciət etdim".
Polşa xarici işlər naziri Radoslav Sikorski Kumoçun qərarına münasibət bildirərək onun öz missiyasını qeyri-peşəkar şəkildə yerinə yetirdiyini bildirib. "Siz artıq Polşa Respublikasını təmsil etmirsiniz" – deyə xarici işlər naziri X-də yazıb.
Polşa Prezidentinin Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç öz növbəsində Kumoçun istefasının Donald Tusk hökumətinin qanunsuz hərəkətləri və Konstitusiya Məhkəməsinə qarşı zorakı hücumla bağlı olduğunu deyib.
Tahir TAĞIYEV