Azər Allahverənov: “Dəhlizin keçdiyi ölkələr arasında ciddi strateji tərəfdaşlıq münasibətləri var və bu çox vacib amildir”
Avropa şirkətləri Orta Dəhlizi daha təhlükəsiz alternativ hesab edir. Azərbaycan üzrə Aİ Biznes Mühiti Hesabatı 2025/2026 çərçivəsində keçirilən sorğuda iştirak edən şirkətlərin 25%-i Orta Dəhlizdən istifadə etdiyini və ya istifadəni planlaşdırdığını, 24%-i isə növbəti 2–3 ildə bu imkanı nəzərdən keçirdiyini bildirib.
Avropa şirkətləri Orta Dəhlizi Avropa ilə Asiya arasında daha təhlükəsiz alternativ nəqliyyat marşrutu kimi qiymətləndirirlər: “Azərbaycanın strateji coğrafi mövqeyi və Orta Dəhlizə beynəlxalq marağın artması nəqliyyat-logistika sektoruna investisiyaları cəlb edən əsas amillərdəndir. Şirkətlər Orta Dəhlizin uzunmüddətli potensialını yüksək qiymətləndirirlər”.
Ümumilikdə bunun əhəmiyyətini ekspertlər necə dəyərləndirir?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən millət vəkili Azər Allahverənov hesab edir ki, birmənalı şəkildə Orta Dəhlizin strateji əhəmiyyəti artır: “Xüsusən də Şimal-Cənub nəqliyyat dəhlizinin keçdiyi ərazilərdə bu və ya digər dərəcədə müharibələr, münaqişələr hələ də davam edir. Üstəlik, oradakı gərginliyin uzun müddət davam edəcəyinə dair proqnozlar var. Rusiya-Ukrayna müharibəsi, ABŞ-İran qarşıdurması ilə bağlı baş verən proseslər onu deməyə əsas verir ki, yaxın perspektivdə sabitlik gözlənilmir. Baxmayaraq ki, bu yöndə müəyyən cəhdlər var. Bu baxımdan daha sabit və təhlükəsiz dəhliz Orta Dəhlizdir. Orta Dəhlizin keçdiyi ölkələr arasında ciddi strateji tərəfdaşlıq münasibətləri var və bu da çox vacib amildir. Çünki strateji tərəfdaşlıq olduğu təqdirdə burada unifikasiya olunmuş prosedur qaydaları, gömrük və digər məsələləri rahat şəkildə təmin etmək olar. Eyni zamanda multimodal daşımalar vasitəsilə Şərqdən Qərbə daşımaları həyata keçirmək olar. Bu da çox önəmli bir faktdır. Son illərin statistikası göstərir ki, Orta Dəhliz üzərindən daşımalar ildən ilə artır. Hətta yaxın perspektivdə bu həcmin bir neçə dəfə artacağı gözlənilir. Bu səbəbdən artıq daşıyıcı şirkətlər istər vaxt baxımından çox sərfəli, iqtisadi cəhətdən çox qənaətcil rejimdə yüklərin daşınmasını əldə rəhbər tutaraq bu səbəbdən Orta Dəhlizə üstünlük verirlər. Nəzərə almaq lazımdır ki, son aylar ərzində Bakıda bir neçə beynəlxalq tədbirlər keçirilib. Həmi tədbirlərdə məhz Orta Dəhlizlə bağlı çox vacib perspektiv planların olması barədə də məlumat paylaşılıb. Bu, tək Azərbaycan yox, eyni zamanda Orta Dəhlizdən istifadə edən dövlətlərin beynəlxalq yükdaşımalarda yaxıdan iştirak edə biləcəyini təmin edən yanaşmanın formalaşdığından xəbər verən bir haldır. Çünki yeni layihələr üzərində də işlər gedir. Qazaxıstandan sona Türkmənistan üzərindən də ikinci bir dəhlizin effektiv istifadəsi beynəlxalq yükaşırma potensialının artırılması deməkdir. Bu da nəticə etibarı ilə yüklərin həcminin artımında özünü göstərmiş olur. Buna uyğun olaraq da Azərbaycan zəruri infrastruktur layihələri həyata keçirir. Bir neçə istiqamətdə fəaliyyət həyata keçirir. Eyni zamanda gələcəkdə Zəngəzur dəhlizinin açılması nəticə etibarı ilə yükdaşımaların artımına səbəb olacaq”.
Vidadi ODAALLI