Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin 2031-ci ilədək imzalana biləcəyinə dair bəyanatı regionda sülh prosesinin perspektivləri ilə bağlı suallar yaradıb. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində irəliləyişlər müzakirə olunduğu halda, prosesin daha beş il uzana biləcəyini nəzərdə tutan bu açıqlamaya ABŞ-ın açıq reaksiyasının görünməməsi də diqqət çəkir.
ABŞ Cənubi Qafqazda sülh prosesinin irəliləməsində maraqlı olduğunu bəyan etdiyi halda, Paşinyanın sülh sazişinin 2031-ci ilədək imzalana biləcəyinə dair açıqlamasına niyə aydın münasibət bildirmir? Vaşinqtonun susqunluğu bu müddəti real hesab etməsi ilə bağlıdır, yoxsa ABŞ Ermənistanın mövqeyinə təsir göstərmək əvəzinə, tərəflərin prosesi özlərinin müəyyənləşdirməsini gözləyir?
Elşad Həsənov: “Sülh müqaviləsinin 2031-ci ilə qədər uzadılması bölgədə sülhə təhdiddir”
Politoloq Elşad Həsənov “Bakı-Xəbər” qəzetinə müsahibəsində Ermənistanın yeni konstitusiyanın qəbul edilməsi və Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsini 2031-ci ilə qədər uzatmasını bölgədə sülh üçün təhdid kimi qiymətləndirib.
Politoloqun sözlərinə görə, Ermənistanda 2026-cı il parlament seçkilərindən sonra konstitusiya referendumu keçirilməsi gözlənilirdi. Hətta yeni konstitusiyanın hazırlanması istiqamətində işlərə başlanıldığı, bununla bağlı işçi qrup yaradıldığı və prosesin payızda elan ediləcəyi barədə məlumatlar verilmişdi. Lakin Nikol Paşinyanın referendumu 2031-ci ilə qədər təxirə salması suallar doğurur.
Elşad Həsənov hesab edir ki, bu qərar Ermənistan rəhbərliyinə daxildən təzyiqlərin olduğunu və ya Paşinyanın üzərinə belə bir məsuliyyət götürmək istəmədiyini göstərə bilər. Onun fikrincə, sülh prosesinin bu qədər uzadılması Cənubi Qafqazda sabitliyin təmin olunmasını çətinləşdirir.
Politoloq bildirib ki, ötən ilin avqustunda Vaşinqtonda paraflanmış Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması üçün real addımlar atılmalıdır. Onun qənaətinə görə, davamlı və dayanıqlı sülhün təmin olunması baxımından bu sənədin imzalanması xüsusi əhəmiyyət daşıyır.
Elşad Həsənov vurğulayıb ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını rəsmi İrəvanın konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının aradan qaldırılması ilə əlaqələndirir. Buna görə də Ermənistanın konstitusiya məsələsini uzun müddət təxirə salması sülh prosesinin gələcəyi ilə bağlı narahatlıq yaradır.
Politoloqun fikrincə, ABŞ bu məsələyə ciddi münasibət bildirməli, sülh prosesinin irəliləməsi üçün diplomatik səylər gücləndirilməlidir. O, Türkiyənin də bu istiqamətdə rolunun vacib olduğunu qeyd edib.
Elşad Həsənov hesab edir ki, Cənubi Qafqazda davamlı sabitliyin və təhlükəsizliyin təmin olunması üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalı, prosesə mane olan daxili və xarici amillərin təsiri minimuma endirilməlidir.
Akif NƏSİRLİ