Abutalıb Səmədov: “Bunu iddia edənlər cahil və siyasətdə təsadüfü adamlardır”
AKP-də təmsil olunan bəzi siyasətçilərin, dövlət məmurlarının “hicabla” bağlı bəyanatlarını tez-tez eşidirik. AKP uzantıları Azərbaycana qarşı hicab müdaxiləsi edir və belə bir fikri çox işlədirlər ki, Azərbaycanda “28 fevral” (28 şubat) hadisələri təkrarlanır. “28 fevral” keçən əsrin 90-cı illərində, daha dəqiq desək, 1997-ci ildə dövrünün ən böyük dindarlarından biri olan Nəcməddin Ərbakanın rəhbərlik etdiyi Rifah Partiyasının qadağan olunması olayıdır. AKP uzantıları tez-tez Azərbaycandakı hadisələri 28 fevral hadisələri ilə müqayisə edirlər və əsassız olaraq bənzətmələr də edirlər. Bu iddiada olanlar qeyd edirlər ki, 28 fevral hadisələri zamanı islamçıların 1000 ildən sonra belə hakimiyyətə gəlməsinin mümkün olmadığı deyilirdiŞ amma heç 10 il də sürmədi, 10 ildən sonra Türkiyədə islamçılar hakimiyyətə gəldilər. İddia edirlər ki, Azərbaycanda da belə olacaq, uzun çəkməyəcək islamçılar hakimiyyətə gələcək.
Təsəvvür edin ki, AKP-çilər bunu açıq şəkildə cəmiyyətimizə təlqin edirlər.
AKP uzantıları bununla nə demək istəyirlər?
Ekspertlərin fikrincə, demək istəyirlər ki, Ərdoğan kimi dindarlar gec-tez hakimiyyətə gələcək. Bizim cəmiyyəti inandırmaq istəyirlər ki, islamçılar hakimiyyətə gələcək və hicab burada əsas geyim formasına çevriləcək.
Ekspertlər hesab edir ki, Türkiyənin daxili siyasi tarixində önəmli yer tutan "28 fevral" (1997-ci il post-modern çevrilişi) ritorikasının son dövrlərdə Azərbaycandakı hicab və dünyəvilik müzakirələrinə uyğunlaşdırılması müəyyən siyasi və ideoloji məqsədlərə xidmət edir. Ekspertlərə görə, AKP-yə yaxın və ya oxşar mühafizəkar xətt izləyən dairələrin bu paraleli aparmasının arxasında bir neçə əsas faktor dayanır.
Ekspertlərin fikrincə, Türkiyədə AKP-nin siyasi uğurunun və kütləvi dəstək qazanmasının ən böyük rıçaqlarından biri məhz 28 fevral dövründə dindarlara, xüsusilə hicablı tələbələrə qarşı tətbiq olunan qadağalar və onların yaratdığı travmalar olub. Azərbaycanın dövlət məktəblərində dünyəvilik və vahid geyim qaydalarını bu hadisəyə bənzətməklə, həmin dairələr Türkiyədəki mühafizəkar seçici kütləsində Azərbaycana qarşı neqativ emosiya və həssaslıq oyatmağa, hadisəni sadə bir məktəb nizam-intizamı qaydası səviyyəsindən çıxarıb, "inanca qarşı müharibə" kimi qlobal bir çərçivəyə salmağa çalışırlar.
Azərbaycandakı mövcud vəziyyətlə 1997-ci ilin Türkiyəsi arasında çox ciddi fərqlər var və bu bənzətmə reallığı əks etdirmir. Türkiyədə 28 fevral hadisələri ordunun və bürokratik elitanın seçilmiş hökumətə (Nəcməddin Ərbakanın rəhbərlik etdiyi Rifah Partiyasına) qarşı birbaşa təhdidi və çevrilişi idi. Azərbaycanda isə hər hansı daxili çevriliş və ya dövlət daxili qrupların savaşı yoxdur; qərar birbaşa mövcud unitar və dünyəvi dövlət aparatının rəsmi qanunvericiliyinə əsaslanır.
Türkiyədə hicab və dünyəvilik müzakirələri onilliklər boyu cəmiyyəti iki böyük qütbə bölən daxili sosioloji reallıq idi. Azərbaycanda isə əhalinin əksəriyyəti müsəlman olsa da, uzunmüddətli sovet keçmişi və tarixi formalaşma nəticəsində güclü dünyəvilik ənənəsi mövcuddur. Cəmiyyətin mütləq əksəriyyəti üçün məktəblərdə vahid geyim forması qütbləşmə yox, dövlət nizamı kimi qəbul edilir.
Türkiyənin 28 fevral dövründə hicablı qadınların universitetlərə buraxılmaması, dövlət işindən qovulması kimi genişmiqyaslı diskriminasiya var idi. Azərbaycanda isə hazırda söhbət yetkinlik yaşına çatmayan uşaqların getdiyi dünyəvi orta məktəblərdə "vahid geyim forması" standartının tətbiqindən gedir, universitetlərdə və ya ictimai həyatda hicaba qarşı sistemli qadağa yoxdur.
Ekspertlərin fikrincə, bu cür bəyanatlarla mühafizəkar xarici dairələr həm də Azərbaycana bir növ "böyük qardaş" mentaliteti ilə yanaşaraq, regional miqyasda dini məsələlərdə rəy lideri olduqlarını nümayiş etdirmək istəyirlər. Onlar öz daxili siyasi uğur formullarını (məsələn, hicab qadağasına qarşı mübarizə ilə hakimiyyətə gəlmək təcrübəsini) Azərbaycan mühitinə də proyeksiya etməyə can atırlar.
Nəticə olaraq qeyd edək ki, Azərbaycandakı prosesləri "28 fevral" adlandırmaq, hadisələrin real mahiyyətini təhrif etmək və siyasi manipulyasiya alətinə çevirmək cəhdidir. Azərbaycan dövləti öz dünyəvi konstitusiya prinsiplərini qorumaq xəttini yürüdür və bu daxili məsələnin xarici siyasi şüarlarla eyniləşdirilməsi regional reallıqlara uyğun gəlmir.
“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, bu gün Azərbaycanda baş verən hadisələrlə Nəcməddin Ərbakan, Tansu Çillər hökumətinin hakimiyyətdən uzaqlaşdırılması arasında heç bir bənzərlik və əlaqə yoxdur. Bunu iddia edənlər cahil və siyasətdə təsadüfü adamlardır. Nəcməddin Ərbakanın Rifah Partiyası seçkilərdə ən çox səs toplayan partiya kimi Tansu Çillərlə birlikdə hökumət təşkil etdi və qısa müddətdə o qədər yanlış addımlar atdılar ki, Türkiyə cəmiyyətində ciddi etiraz doğurdular. Onları hakimiyyətdən getməyə məcbur etdilər. Təkcə Nəcməddin Ərbakanın Liviyaya səfəri və onun lideri qarşısında nə cür rəzil vəziyyətə düşdüyünü yəqin ki, Türkiyədə xatırlayanlar var. Dindən də siyasətdə bir alət kimi istifadə olunduğu çoxlarının yadındadır.
Azərbaycan dünyəvi dövlətdir. Eyni zamanda konstitusiyamız insanların vicdan azadlığına üstünlük verir və hər kəs istədiyi dinə inanmaq, onun tələblərini yerinə yetirmək hüququna malikdir. Yeri gəlmişkən, 28 fevral hadisəsini Kılıçdaroğlu kimi bir cahilin xatırlatmağı tamamilə qəbul edilməzdir. Türkiyənin düşdüyü bu vəziyyətin əsas günahkarlarından biri Kamal Kılıçdaroğludur ki, indi də hakimiyyətin əlində bir alətə çevrilib. Türkiyənin ən qədim partiyasını bu gün rəzil vəziyyətə salan Kılıçdaroğlu utanmadan Azərbaycana məsləhət verir. Göz qabağındadır ki, tarixi hadisələri təhrif edir. Din siyasətə qarışmamalıdır, din siyasətə müdaxilə etməməlidir”.
A.Səmədov qeyd etdi ki, bu gün Türkiyənin düşdüyü böhranın kökündə dinin siyasətə müdaxiləsi dayanır. O, vurğuladı ki, Türkiyə iqtisadiyyatı iqtisadi qanunlarla deyil, dinin tələbləri ilə idarə olunduğuna görə bu iqtisadi böhran yarandı və vəziyyətdən çıxa da bilmirlər. “Türkiyə yüksək sürətlə inkişaf etmək əvəzinə dərin böhran içərisinə salınıb. Özünü müxalifət partiyasının lideri sayan Kılıçdaroğlu da bir alət kimi uzun müddət istifadə olunub və onun bütün seçkilərdə məğlub olmasının səbəblərindən biri də özünün bacarıqsızlığından başqa dinin siyasətdə alət kimi istifadə olunmasıdır. Azərbaycanda bu olmayacaq. Hesab edirəm ki, Azərbaycanın dünyəvi dövlət kimi yaşamasına təhlükə törədəcək hər bir hadisənin qabağı vaxtında alınmalı və qətiyyətli addımlar atılmalıdır”-deyə A.Səmədov vurğuladı.
İradə SARIYEVA