Hüseyn İbrahimov: “Sərhədyanı bəzi əraziləri mübadilə etməklə Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndlərini esklavdan çıxarmaq olar”
Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə yayımladığı videomüraciətdə Ermənistan və Azərbaycan arasında sülhün necə formalaşa biləcəyi ilə bağlı baxışlarını bölüşüb. O, xüsusilə anklav və eksklavların mövcud olmaması üçün iki ölkə arasında ərazi mübadiləsinin aparılmasını təklif edib.
Onun sözlərinə görə, sülh sazişinin nəticəsində Ermənistanın ərazisi 29 743 kvadrat/kilometr olmalıdır: “Həmçinin, sərhədin hər iki tərəfində anklav və eksklavlar olmamalı, Ermənistanla Azərbaycan uyğun ölçüdə ərazi mübadiləsi aparmalıdır. Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlər üzrə bir-birini rahat buraxmalıdır”.
Paşinyana görə, Türkmənistanda Prezident Əliyevlə son təmaslardan sonra onda belə bir qənaət formalaşıb ki, iki ölkə arasında sülhün məhz bu formada təmin edilməsi imkanı var.
Burada diqqəti çəkən məqam odur ki, deyir anklavlar olmasın deyə uyğun ölçüdə ərazi mübadiləsi aparmalıdır.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən sosioloq Hüseyn İbrahimovun fikrincə, problemi kökündən həll etmək üçün ərazi mübadiləsi ən uyğun variantdır: “Yoxsa biz illərlə bu problemdən əziyyət çəkəcəyik. Çünki erməniləri sağı-solu bəlli deyil. İki ölkənin parafladığı sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair sazişə görə, tərəflər 1991-ci ildə SSRİ dövründəki inzibati sərhədləri beynəlxalq sərhəd kimi tanıyır. Sovet dövründə müəyyənləşmiş sərhədlərlə götürəndə Azərbaycanın 4 kəndi (Sədərək rayonunun Kərki, Qazax rayonunun Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri) Ermənistanın nəzarətindədir. Gədəbəy rayonunun Başkənd kəndi isə sovet dövründə Ermənistan ərazisinə aid olub. Kərki, Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə, Başkənd kəndi isə Azərbaycan ərazisi ilə əhatə olunub. Bu, o demək deyil ki, Başkəndin müqabillində 4 kəndi ermənilərə verməliyik. Əlbəttə ki, yox. Başkəndlə bir kəndimizi dəyişmək mümkündür. O cümlədən, sərhədyanı bəzi əraziləri mübadilə etməklə Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri esklav vəziyyətindən çıxarmaq olar. Nəticədə birdəfəlik bu problemi həll etmiş olarıq. Dünyada sərhəd mübahisələrini həllində bu variatdan geniş istifadə edilir. Fikrimcə, bu, daha münasib variant ola bilər”.
Vidadi ORDAHALLI