Bax bu çox yaxşı oldu… MHP başqanı və AKP-nin iqtidar ortağı Dövlət Baxçalı son günlər AKP rəsmilərindən gələn və Azərbaycanda dərin narahatlıq doğurmuş daxili işlərimizə "Hicab altında" müdaxilələrə reaksiya verdi…
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
- Sayın Baxçalı əla başlayır..
1. Həqiqətən müasir proseslər baxımından Türk Dövlətləri Təşkilatının gələcəyi böyük önəm daşıyır... Əla deyirsiniz…
2. Türkiyə-Azərbaycan münasibətləri bu prosesin ən güclü dayaqlarından biridir...
Sözüm yoxdur...
3. Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərin əsasını hər bir üzv dövlətin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə və DAXİLİ QANUNVERİCİLİYİNƏ (xüsusi seçdirməni mən verdim) hörmət prinsipi təşkil edir... Əla, sayın Baxçalı, sözləriniz nümunədir, bənzəri yoxdur… Lazımdır ki, Oktay Sayal, Azərbaycanın əleyhinə danışan digər AKP rəsmiləri Sizin bu sözlərinizdən daha əvvəllər nəticə çıxaraydılar...
4. Egeydən Xəzərə, keçmişdən gələcəyə Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki qüdrətli dövlətidir... Düz və güclü, düşmən bağrını çatladan sözlərə nə deyəsən....
5. Qarabağ Zəfərinin Ali Baş Komandanı cənab İlham Əliyevin cənab Rəcəb Tayyib Ərdoğanla oktyabrın sonunda Ankarada TDT Zirvəsində keçirəcəyi görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha nümayiş etdirəcəyinə inanırıq.
Əladan da əla... Xüsusilə "Qarabağ Zəfərinin Ali Baş Komandanı cənab İlham Əliyev" sözlərinizin müqayisəsi yoxdur. İlham Əliyevin təbii haqqına bundan böyük nə sayqı ola bilər?! Sözlərinizin İlham Əliyevin haqqına bəzi "şərik qoşmaq" istəyənlərə tutarlı mesaj olacağına inanıram...
Ancaq, ancaq....
Dəyərli Baxçalı bəy!
TDT Zirvəsinə hələ 14-15 gün var. Türkiyə - Azərbaycan qardaşlığına AKP rəsmiləri tərəfindən sarsıdıcı zərbələrin cəmi son 2-3 gün ərzində vurulduğunu nəzərə alın... Bu tarixi görüş niyə oktyabrın sonuna TDT Zirvəsinə saxlansın?! Bu görüşü uzaq günlərdə Ankarada yox, ən yaxın günlərdə Bakıda keçirməyə nə mane olur? Yaxını qoyub uzağın dalınca niyə qaçaq?! Cənab Ərdoğan yaş böyüklüyünə bir daha sığınaraq həmişə gəldiyi torpaqda qardaşı İlham Əliyevin qonağı olsun və bununla da həm Azərbaycanın daxili işlərinə Türkiyədən müdaxilələr dayansın, həm də bu qardaşlığın pozulmasından yana ürəyi keçənlərin ürəyi partlasın...
Bir də ümumi dəyərlərimiz olan "Türk əsri" və " Türkiyə əsri" hədəflərimizi ayrılıqda işlətsək daha yaxşı olar... Qoy dəyər səviyyəsində iki hədəfimiz olsun - "Türk əsri" və "Türkiyə əsri"...
İnanıram ki, cənab Əliyevlə cənab Ərdoğanın tarixi görüşünün 15 gün sonra Ankarada yox, daha tez Bakıda, ya Qəbələdə keçirilməsinə nail olmaq üçün qatqılarınızı ortaya qoyacaqsınız...
Böyük sayqılarımla...
Tahir TAĞIYEV