Əli Orucov: “Paşinyan Rusiya məsələsində ona görə daha radikal addımlar atmır ki, iqtisadi asılılıq böyükdür”
Ermənistanın Rusiya ilə münasibətləri, siyasi şəraitdən asılı olmayaraq, artıq əvvəlki kimi ola bilməz. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın RFI radiosuna müsahibəsində bildirib.
“Rusiya ilə münasibətlərin kəsilməsi və ya pisləşməsi heç vaxt məqsədimiz olmayıb və olmayacaq. Əksinə, biz Rusiya ilə münasibətləri inkişaf etdirmək istəyirik. Lakin bir şeyi etiraf etmək lazımdır: vəziyyətdən və hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Rusiya ilə münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz”, - o deyib.
Paşinyan onu da vurğulayıb ki, Ermənistan qarşısına Rusiyadan asılılıqdan xilas olmaq məqsədi qoymur, əksinə, öz xarici əlaqələrini şaxələndirməyə çalışır: “Biz heç kimdən asılı olmaq istəmirik. Başqa sözlə, biz A-dan asılı olmağı dayandırıb B-dən asılı olmağa başlamağa can atmırıq. Bu bizim siyasətimiz deyil. Bizim siyasətimiz müstəqilliyin möhkəmləndirilməsi, konsolidasiyası və inkişafından ibarətdir”.
Sözügedən məsələyə aydınlıq gətirən AMİP funksioneri Əli Orucov baki-xeberr.com-a açıqlamasında bildirdi ki, nə qədər Paşinyan və onunun komandası hakimiyyətdədir Ermənistan-Rusiya münasibətləri əvvəlki kimi olmayacaq: “Yəni bunu bilmək üçün Paşinyanın xüsusi açıqlamasına ehtiyac yoxdur. Çünki Ermənistandakı mövcud hakimiyyətin xarici siyasət kursu ortadadır. Ermənistan Rusiyadan uzaqlaşmağa çalışır. Ermənistan parlamenti ölkənin Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib və ABŞ ilə strateji tərəfdaşlıq xartiyası imzalayıb. 2025-ci ildə imzalanmış Ermənistan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında Ermənistanın Avro-Atlantik institutlarına inteqrasiyanın dərinləşdirilməsi ortaq prioritetdir. Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyi və qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlmiş islahat proqramlarını planlaşdırırlar. Bütün bunları görməmək mümkün deyil. Digər tərəfdən İrəvan KTMT tədbirlərində iştirakdan imtina edir və Rusiya ilə dəmir yollarının idarə olunması sazişinin ləğvi və ya üçüncü tərəfə ötürülməsi imkanlarını nəzərdən keçirir. Ermənistan hakimiyyəti qaz tədarükü, idxal-ixrac bazarları və nəqliyyat marşrutları üzrə Rusiyadan asılılığı azaltmaq üçün alternativ variantlar arayır. Fikrimcə, Paşinyan Rusiya məsələsində ona görə daha radikal addımlar atmır ki, iqtisadi asılılıq böyükdür. Əgər bunlar olmasaydı, daha radikal addımların şahidi olardıq”.
Vidadi ORDAHALLI