Turan Rzayev: “Ekoloji vəziyyət sahilyanı dövlətlərin ortaq məsuliyyətinə çevrilməli, su ehtiyatlarına təsir edən amillər...”
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxışında bildirib ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil:
“Əsas səbəblərdən biri çay axınının azalması və təsərrüfat fəaliyyəti ilə bağlı antropogen amillərdir. Bununla yanaşı, baş verən dəyişikliklərin potensial uzunmüddətli nəticələrinin qiymətləndirilməsi və artıq bu gün qərarlar qəbul edilərkən onların nəzərə alınması bizim üçün vacibdir. Belə bir yanaşma zəruri tədbirləri vaxtında həyata keçirməyə və dəniz səviyyəsinin daha da aşağı düşməsinin nəticələrini minimuma endirməyə imkan verəcək. Hesab edirik ki, zəruri hüquqi baza, elmi potensial və qarşılıqlı fəaliyyət təcrübəsi konkret praktiki nəticələrə nail olmaq üçün güclü təməl yaradacaq. Xəzər bizim ümumi sərvətimizdir. Onun nadir ekosistemini qorumaq və gələcək nəsillərə ötürmək bizim ümumi məsuliyyətimizdir. Ümidvaram ki, bugünkü sammit bu yolda mühüm addım olacaq”.
Sözügedən məsələni dəyərləndin politoloq Turan Rzayev hesab edir ki, Xəzər dənizində suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsi artıq heç kəsə sirr deyil: “Hətta Xəzəryanı ölkələrin hamısında bunu müşahidə etmək mümkündür. Məsələ ilk baxışda ekoloji və ya iqlim problemi kimi görünə bilər, lakin bu prosesin pərdə arxasında duran ölkə Rusiyadır. Rusiya Xəzəri su ilə təmin edən başlıca çaylar – Volqa çayı, Ural çayı və Terek çayı – üzərində tikdiyi su anbarları. Hidrotexniki qurğular vasitəsilə suyun Xəzərə axınını azaldıb. Digər tərəfdən, Volqanın suyunun yönləndirilməsi həm elektrik istehsalı, həm də Volqa–Don kanalının logistik əhəmiyyəti ilə bağlıdır. Prezident Əliyev hələ 2022-ci ildə bu problemi gündəmə gətirib. Həmin vaxt Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında ölkə başçısı su səviyyəsinin azalmasının araşdırılması və bu istiqamətdə birgə fəaliyyətin təşkili məsələsini qaldırıb. Başqa sözlə, Bakı problemin nəticələri daha da ağırlaşmamış sahilyanı dövlətlərin ortaq mexanizm yaratmasının vacibliyinə diqqət çəkirdi. Bu gün isə Xəzərin 20 min kvadrat kilometrdən çox sahəsinin quruduğu bildirilir və problemin miqyası artıq daha aydın görünür. Xəzər dənizinin dayazlaşması Azərbaycanın iqtisadi maraqlarına birbaşa təsir göstərə bilər. Bakı limanı və digər liman infrastrukturları, gəmiçilik, yükdaşımalar və Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutları Xəzərin vəziyyəti ilə sıx bağlıdır. Azərbaycanın mövqeyi budur ki, Xəzər dənizi sülh, sabitlik və əməkdaşlıq məkanı olmalıdır. Xəzərin ekoloji vəziyyəti sahilyanı dövlətlərin ortaq məsuliyyətinə çevrilməli, su ehtiyatlarına təsir edən amillər birgə araşdırılmalı və problemin həlli üçün real öhdəliklər müəyyən edilməlidir. Çünki dənizin səviyyəsi azaldıqca bunun nəticələri bütün sahilyanı ölkələr üçün daha hiss edilən olacaq. Xəzəryanı ölkələr məsələ ilə bağlı bir araya gəlib ortaq yol tapmalıdır”.
Vidadi ORDAHALLI