Ceyhun Məmmədov: "...Bizim daxili işlərimizə qarışmasınlar"
İranın Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri "ənənə" halını alıb. Xüsusən də dini məsələlər və daxili işlərə müdaxilə etmək istəyi uzun illərdir ki, mövcuddur. Son günlər İranın ölkəmizin daxili işlərinə qarışması cəhdlərinin yeni dalğası başlayıb. İranın bu cəhdləri regionun ən həssas və mürəkkəb mövzularından biridir. Tez-tez İranın müəyyən dini qruplar və media şəbəkələri vasitəsilə ölkədəki dünyəvi dövlət quruluşuna təsir göstərməyə çalışdığını vurğulayırlar. Azərbaycanın suverenliyinə, daxili sabitliyinə və daxili işlərinə olan hər hansı kənar müdaxilə, xüsusən də dinin siyasiləşdirilməsi cəhdləri qəbuledilməzdir.
Qeyd edək ki, İranın mühafizəkar dairələrinə və xüsusi xidmət orqanlarına bağlı media resursları və internet saytları tərəfindən vaxtaşırı olaraq Azərbaycandakı dini mühit hədəfə alınır. Xüsusilə məktəblərdə hicab qaydaları və ya dini azadlıqlarla bağlı mövzular süni şəkildə manipulyasiya edilərək ölkə daxilində narazılıq və qarşıdurma yaratmağa yönəlmiş provokativ hesabatlar yayılır.
Millət vəkili Ceyhun Məmmədov baki-xeber.com-a açıqlamasında bildirib ki, ümumiyyətlə heç bir halda heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışması qəbul edilən deyil.
C. Məmmədov vurğuladı ki, Azərbaycan müstəqil dövlətdir və öz siyasətini müstəqil həyata keçirir. "Ona görə də heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına ehtiyac yoxdur. Yəni biz necə ki, İranın daxili işlərinə qarışmırıq, bizim təmənnamsız da ondan ibarətdir ki, digər ölkələr də bizim daxili işlərimizə qarışmasınlar. Yəni bizim özümüzün siyasətimiz var, Azərbaycan müstəqil dövlətdir, müstəqil siyasət həyata keçirir. Ona görə də, bu mənada heç kim Azərbaycanın daxili işlərinə qarışmalı deyil".
C. Məmmədov bildirdi ki, Azərbaycan bu gün özünün suveren, müstəqil siyasətini həyata keçirir və bu gün Azərbaycan üzərinə düşən vəzifəni uğurla yerinə yetirir. "Bu mənada o cür addımlar yolverilməzdir. Ümid edirik ki, bütün qonşular, bütün dövlətlər Azərbaycanın bu yanaşmasını nəzərə alacaq və münasibətlərin pozulmasına xələl gətirən heç bir addım atılmayacaq. Bütün proses yalnız qarşılıqlı münasibətlər, qarşılıqlı hörmət, qarşılıqlı anlaşma şəraitində getməlidir. Prosesin başqa formada getməsi yolverilməzdir. Uzun müddət davam edən mövcud problemlərdən sonra münasibətlərin yenidən kəskinləşməyə doğru getməsi qəbul ediləsi məsələ deyil. Biz heç bir halda bunu istəmirik. Ona görə də Azərbaycanın daxili işlərinə qarışmağa heç kimə icazə verilmir, bunu hamı birmənalı şəkildə nəzərə almalıdır"-deyə millət vəkili qeyd etdi.
İradə SARIYEVA