ABŞ və Rusiya arasında Rusiya dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə olunub. Razılaşmaya əsasən, noyabr ayında 500 min ton, bundan dərhal sonra isə 1 milyon ton yanacaq tədarükü nəzərdə tutulur. ABŞ prezidenti bildirib ki, sonrakı mərhələdə Rusiyanın neft emalı zavodlarının vəziyyətindən asılı olaraq, Moskva əlavə 3 milyon ton yanacağı qısa müddətdə təmin etməlidir. Razılaşmanın həyata keçirilməsi üçün ABŞ Maliyyə Nazirliyi Rusiya dizel yanacağı ilə bağlı sanksiyalar səbəbindən əvvəllər qadağan edilmiş əməliyyatlara icazə verən və 2027-ci il aprelin 7-dək qüvvədə olacaq lisenziya verib. Rusiya hakimiyyəti də dizel yanacağının ixracına qoyulan məhdudiyyətləri vaxtından əvvəl aradan qaldırıb.
Ukrayna prezidenti Volodimir Zelenski isə ABŞ-Rusiya razılaşmasını "müharibəyə investisiya" adlandırıb və Vaşinqtonu Moskva üzərində təzyiqi artırmağa çağırıb. O bildirib ki, Rusiya Ukraynanın enerji infrastrukturunu dağıtmasa, Kiyev də Rusiyanın neft emalı obyektlərinə zərbələr endirməkdən imtina etməyə hazırdır. Zelenski ABŞ-ın bu cür razılaşmanın əldə olunmasına nail olmaq üçün kifayət qədər gücə malik olduğunu vurğulayıb.
Tramp administrasiyasının Rusiya dizel yanacağının tədarükünə icazə verməsi və sanksiyaların yumşaldılması Avropa ilə ABŞ arasında fikir ayrılıqlarını dərinləşdirə bilərmi? Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallasın Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq ediləcəyi ilə bağlı mövqeyi Vaşinqtona təzyiq göstərmək baxımından nə dərəcədə təsirli ola bilər? Bu addımlar Ukraynanın müdafiə imkanlarına və Rusiyanın müharibəni maliyyələşdirmək potensialına necə təsir göstərə bilər?
Akif Nağı: "Tramp Rusiyaya müəyyən imkanlar yaradır, amma onun güclənməsinə sonsuz şərait yaradılmasını istəmir"
Politoloq Akif Nağı "Bakı-Xəbər" qəzetinə müsahibəsində bildirib ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna-Rusiya müharibəsinə münasibətində müəyyən dəyişikliklərin müşahidə olunması onun həm enerji bazarındakı maraqları, həm də noyabrda keçiriləcək aralıq seçkilərlə bağlı siyasi hesablamaları ilə əlaqəli ola bilər.
Politoloqun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri ilə bağlı səslənən fikirlər və digər siyasi əlamətlər Vaşinqtonun münaqişəyə yanaşmasında müəyyən dəyişikliklərin baş verdiyini göstərir. Trampın əsas məqsədlərindən biri müharibə ilə bağlı elə bir nəticə əldə etməkdir ki, bunu daxili siyasətdə, xüsusilə aralıq seçkiləri ərəfəsində özünün uğuru kimi təqdim edə bilsin.
Akif Nağı qeyd edib ki, Ukrayna ilə Rusiya arasında enerji infrastrukturuna qarşılıqlı zərbələrin endirilməsi həm tərəflərə, həm də Avropa və ABŞ-ın iqtisadi maraqlarına zərər vurur. Enerji obyektlərinə hücumlar neft və digər enerji daşıyıcılarının qiymətlərinə təsir göstərir, Avropada enerji böhranı risklərini artırır. Bu baxımdan, tərəflərin enerji infrastrukturuna zərbələrin dayandırılması və ya azaldılması barədə razılığa gəlməsi beynəlxalq bazarlarda müəyyən sabitliyin yaranmasına xidmət edə bilər.
Politoloqun fikrincə, Tramp belə bir razılaşmanı seçkilər ərəfəsində diplomatik uğur kimi təqdim etməyə çalışacaq. Bu, onun siyasi mövqeyini gücləndirə və seçicilər qarşısında müharibənin dayandırılması istiqamətində nəticə əldə edən lider obrazını formalaşdırmasına kömək edə bilər.
Akif Nağı hesab edir ki, mümkün razılaşma Rusiyaya da müəyyən üstünlüklər verə bilər. Bununla belə, Moskvanın əldə edəcəyi imkanların hüdudsuz olacağı gözlənilmir. Onun fikrincə, Tramp Rusiyaya müəyyən manevr imkanları yaratmağa hazır olsa da, Rusiyanın nəzarətdən çıxacaq dərəcədə güclənməsində maraqlı deyil. Vaşinqtonun Moskva ilə münasibətlərində müəyyən yaxınlaşma əlamətləri müşahidə olunsa da, bu, ABŞ-ın Rusiyanın bütün addımlarını dəstəkləməsi kimi qiymətləndirilməməlidir.
Politoloq vurğulayıb ki, enerji obyektlərinə qarşılıqlı hücumların dayandırılması Ukraynanın da, Rusiyanın da maraqlarına müəyyən dərəcədə uyğun gəlir. Belə hücumların davam etməsi hər iki ölkənin iqtisadiyyatına və enerji infrastrukturuna zərər vurur. Bununla yanaşı, Ukrayna şəhərlərinin, o cümlədən Kiyevin atəşə tutulması ölkə üçün ciddi təhlükə yaratmaqda davam edir.
Akif Nağının sözlərinə görə, Avropa ölkələrinin Rusiyanın güclənməsi ilə bağlı narahatlıqları müəyyən əsaslara söykənir. Avropanın Moskva ilə münasibətlərdə sərt mövqe tutması təhlükəsizlik məsələləri ilə əlaqədardır. Lakin beynəlxalq siyasətdə bütün hallarda yalnız təzyiqi artırmaq xətti ilə hərəkət etmək mümkün deyil və müəyyən mərhələlərdə kompromislər gündəmə gələ bilər.
Politoloq əlavə edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların mövcudluğu da nəzərə alınmalıdır. Enerji infrastrukturu ilə bağlı mümkün razılaşma və ya bəzi məhdudiyyətlərin yumşaldılması Rusiyanın bütün iqtisadi problemlərdən xilas olması demək deyil. Buna görə də mümkün razılaşmanın nəticələrini Rusiyanın mövqeyinin avtomatik şəkildə güclənməsi kimi qiymətləndirmək düzgün olmaz. Əsas məsələ tərəflər arasında əldə ediləcək razılaşmanın hansı şərtləri əhatə edəcəyi və bunun müharibənin gedişinə necə təsir göstərəcəyidir.
Dəniz NƏSİRLİ