Fransa Prezidenti Emmanuel Makronun reytinqi rekord səviyyədə aşağı enərək 15%-ə düşüb. Bu barədə Ipsos BVA və CESI mühəndislik məktəbinin La Tribune Dimanche qəzeti üçün keçirdiyi sorğuda deyilir.
10 oktyabrda dərc olunan nəticələrə görə, Makronun fəaliyyətini müsbət qiymətləndirən fransızların payı son bir ayda bir faiz azalıb. Sentyabr ayında onun reytinqi artıq tarixi minimum 16%-ə çatmışdı. Respondentlərin 82 faizi prezidentə mənfi qiymət verib.
Sorğu təşkilatçılarına görə, sağçı tərəfdarların yalnız 11%-i Makronu dəstəkləyir. Hətta mərkəzçi siyasi blokun tərəfdarları arasında belə, onun fəaliyyətinə mənfi qiymət verənlərin payı 47%-ə çatır.
Prezidentin populyarlığının azalması Fransada narazılığı artıran bir sıra məsələlər, o cümlədən məktəb etirazları, yüksək yanacaq qiymətləri, artan dövlət borclanma xərcləri və quraqlıqla əlaqəli kənd təsərrüfatının zəifləməsi fonunda baş verir.
Alıcılıq qabiliyyəti fransızların əsas narahatlığı olaraq qalır: sorğuda iştirak edənlərin 54%-i bunu prioritet adlandırıb. Sosial təminat sisteminin gələcəyi ikinci yerdədir (44%), dövlət borcu və büdcə kəsirləri isə üçüncü yerdədir (33%).
Pessimizm şəxsi maliyyə rifahına da aiddir. Respondentlərin 70%-i öz iqtisadi vəziyyətləri ilə bağlı narahat olduqlarını bildiriblər.
Fransada növbəti prezident seçkiləri 2027-ci ilə planlaşdırılıb. 2017-ci ildən bəri hakimiyyətdə olan Makron ardıcıl üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürə bilməyəcək.
Tahir TAĞIYEV