Akif Nəsirli: “Bu, dövlət qurumunun məsuliyyətdən kənarda qalması demək deyil”
Azərbaycanda pambıq əkən fermerlərlə özəl emal və tədarük şirkətləri arasında yaranan mübahisə son günlərin ən çox müzakirə olunan iqtisadi-sosial mövzularından biridir. Xüsusilə Salyan rayonunda və bir sıra digər bölgələrdə fəaliyyət göstərən yüzlərlə fermer "Aztəsərrüfat" MMC və digər özəl tədarükçü şirkətlərə müqavilə əsasında pambıq yetişdirib təhvil verdiklərini, lakin artıq bir ilə yaxındır məhsulun pulunu tam ala bilmədiklərini bildirirlər.
Fermerlər qeyd edirlər ki, ödənişlərin gecikməsi səbəbindən banklara olan kredit borclarını bağlaya bilmirlər.
Cari və növbəti əkin mövsümləri üçün zəruri olan texnika, gübrə və toxum xərclərini qarşılamağa vəsaitləri yoxdur.
Məhsulu qəbul edən şirkətlər ödənişlərdə müəyyən gecikmələrin yarandığını təsdiqləyirlər. Cari ildə qlobal bazarda pambıq lifi qiymətlərinin düşməsi və ixrac gəlirlərinin azalması özəl şirkətlərin likvidlik (nağd pul) problemi yaşamasına təsir göstərib. Şirkət rəhbərlikləri borcların mərhələli şəkildə ödənilməsi istiqamətində iş apardıqlarını iddia edirlər.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi rəsmi açıqlama yayaraq məsuliyyətin tamamilə özəl şirkətlərin üzərində olduğunu vurğulayıb.
Yəni Kənd Təsərrüfatı Nazirliyi fermerlərin təhvil verdikləri pambığın dəyərinin ödənilməməsi və ya ödənişlərin gecikdirilməsi ilə bağlı şikayətlərlə bağlı bildirib ki, şikayətlərdə adı çəkilən tədarükçü şirkətlərə pambıq təhvil vermiş fermerlərin məhsul subsidiyaları vaxtında ödənilib. Fermerlərin narazılığı isə pambığın dəyərinin müvafiq şirkətlər tərəfindən ödənilməməsi və ya gecikdirilməsi ilə bağlıdır.
Bildirilib ki, Azərbaycanda pambıq istehsalçıları ilə emal və tədarük şirkətləri arasında münasibətlər, bir qayda olaraq, “Müqaviləli əkinçilik” modeli əsasında tənzimlənir. Tərəflərin hüquq və öhdəlikləri imzalanmış müqavilələrlə müəyyən olunur.
Müqavilə şərtlərinə əsasən, mövsüm ərzində fermerlərə verilmiş avanslar, mineral gübrə, pestisid, toxum və texniki xidmətlərin dəyəri təhvil verilmiş pambığın ümumi dəyərindən çıxılır. Qalan məbləğin fermerə ödənilməsi məhsulu tədarük edən şirkətin öhdəliyidir.
Nazirlik qeyd edib ki, fermerlərə təhvil verdikləri pambığa görə ödənilən məhsul subsidiyası əvəzsiz və geri qaytarılmayan dövlət dəstəyidir.
Məlumatda vurğulanıb ki, pambıq tədarükü və emalı şirkətləri özəl hüquqi şəxslərdir və Nazirliyin tabeliyində fəaliyyət göstərmirlər. Nazirlik və Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərlə bu şirkətlər arasında bağlanmış müqavilələr üzrə tərəf deyil və müqavilə münasibətlərinə birbaşa müdaxilə etmək səlahiyyətinə malik deyil.
Müqavilə şərtləri pozulduqda fermerlər hüquqlarının müdafiəsi və yaranmış mübahisələrin həlli üçün məhkəməyə müraciət edə bilərlər.
Nazirlik, həmçinin problemin həlli məqsədilə pambıq tədarükü və emalı şirkətləri ilə mütəmadi müzakirələrin aparıldığını bildirib. Şirkətlərə fermerlər qarşısında müqavilə öhdəliklərinə ciddi riayət etmək, təhvil aldıqları məhsulun dəyərini vaxtında və tam ödəmək tövsiyə olunur.
Kənd Təsərrüfatı Nazirliyi (KTN) “biz ancaq tövsiyyə veririk” deyib.
Nazirliyin vəzifəsi nədir bəs? Niyə bu problem var, niyə fermerlər bu problemi çəkməlidir?
Liberal İqtisadçılar Birliyinin rəhbəri Akif Nəsirli baki-xeber.com-a bildirdi ki, Kənd Təsərrüfatı Nazirliyinin vəzifəsini yalnız fermerlərə tövsiyə verməklə məhdudlaşdırması düzgün yanaşma deyil. “Söhbət fermerin aylarla zəhmət çəkib yetişdirdiyi məhsulun pulunu ala bilməməsindən gedir. Fermer pambığı təhvil verib, amma pulunu vaxtında ala bilmədiyinə görə kredit borclarını ödəməkdə, ailəsini dolandırmaqda və növbəti əkin mövsümünə hazırlaşmaqda çətinlik çəkir. Belə vəziyyətdə nazirliyin şirkətlərə sadəcə öhdəliklərinə əməl etməyi tövsiyyə etməsi problemi həll etmir. Əlbəttə, özəl şirkətlərin müqavilə öhdəlikləri var və nazirlik həmin müqavilələrin tərəfi deyil. Ancaq bu, dövlət qurumunun məsuliyyətdən kənarda qalması demək deyil. Nazirlik fermerlərin hüquqlarının qorunması, aqrar sahədə sağlam münasibətlərin formalaşdırılması və bu cür problemlərin təkrarlanmaması üçün təsirli mexanizmlərin yaradılmasına çalışmalıdır. Əgər şirkətlər fermerlərdən məhsulu qəbul edir, lakin onun pulunu vaxtında ödəmir və bu hal təkrarlanırsa, deməli, sistemdə ciddi boşluqlar var. Nazirlik həmin boşluqların səbəblərini araşdırmalı, aidiyyəti qurumlarla birlikdə problemin həlli üçün konkret addımlar atmalı və fermerlərin hüquqlarının qorunmasına nail olmalıdır. Fermerin məhsulunu təhvil verdikdən sonra pulunu almaq üçün aylarla gözləməsi normal hal deyil. Kənd təsərrüfatının inkişafından danışırıqsa, ilk növbədə istehsalçının əməyinin və gəlirinin qorunması təmin edilməlidir. Fermerə yalnız əkin aparmaq barədə məsləhət verməklə aqrar sahəni inkişaf etdirmək mümkün deyil. Fermerin məhsulunu vaxtında pula çevirə bilmədiyi, borclarını ödəməkdə çətinlik çəkdiyi bir şəraitdə istehsalın genişləndirilməsini gözləmək də real deyil. Eyni zamanda bu pambıqçılığın yeganə problemi deyil”. A.Nəsirli qeyd etdi ki, pambıq qəbul edən şirkətlər xam pambığı 22-24% nəmli və zibillikiklə götürür. “Halbuki bu göstərici maksimum 4%-ə bərabər olmalıdır, nəmlik 4%-i keçəndə məsələ araşdırılmalıdır. Bu yolla şirkətlər pambıqçılığın məhsulunu oğurlayır və pambığı elə öz adlarına yazıb, fermerdən pulunu alırlar. "Pripiska" dönəmindəki pambıq alveri əməliyyatı bir qədər başqa formada yenidən başlayıb. Özü də bu məsələdə fermerlər bu əməliyyatlardan imtina etmək istəyəndə şirkətlər onları ölkə rəhbərliyi ilə təhdid edirlər. Nazirlik bu məsələyə də müdaxilə etməyə borcludur. Çünki məsələ artıq sistemləşib, bu artıq məhkəmənin həll edə biləcəyi məsələ deyil”-deyə A.Nəsirli qeyd etdi.
İradə SARIYEVA