Əli Orucov: “Fidan Türkiyə ilə bağlı NATO-nun Yaxın Şərqdə gedən proseslərə müdaxilə etməsini istəyir”
Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun Avropada formalaşdırdığı təhlükəsizlik arxitekturasının ölkəsinin Yaxın Şərq regionundan üzləşdiyi təhdidlərin qarşısını almaq üçün kifayət etmədiyini bildirib.
Nazirin sözlərinə görə, Türkiyə Şimali Atlantika Alyansının (NATO) mühüm üzvü olsa da, təşkilatın Avropa üçün yaratdığı təhlükəsizlik sistemi Ankaranın regiondankənar strateji maraqlarını və təhlükəsizlik ehtiyaclarını tam əhatə etmir. O, parlamentin Büdcə Komissiyasında keçirilən müzakirələr zamanı qeyd edib ki, Avropanın təhlükəsizlik sistemi uzun illər NATO-nun fəaliyyəti əsasında formalaşıb. Lakin Türkiyənin geosiyasi mövqeyi və qonşu regionlarda baş verən proseslər ölkənin təhlükəsizlik məsələlərinə daha geniş coğrafi çərçivədə yanaşmasını zəruri edir.
Fidanın sözlərinə görə, Ankara uzun müddətdir İraq və Suriyadan qaynaqlanan təhlükələrlə üzləşir. Bu baxımdan, NATO-nun Avropada qurduğu müdafiə mexanizmləri Türkiyənin Yaxın Şərqdəki təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün yetərli deyil. Fidanın mövqeyindən belə görünür ki, Türkiyə NATO üzvlüyünün yaratdığı kollektiv müdafiə imkanları ilə yanaşı, Yaxın Şərqdəki təhlükəsizlik maraqlarının da alyans çərçivəsində daha geniş nəzərə alınmasını vacib hesab edir.
Maraqlıdır, Fidan bununla nə danışır? Türkiyə NATO- dan nə istəyir? Hansı təhdid var ki, buna NATO-nu cəlb etmək istəyir? NATO nə cavab verəcək?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, Fidan Türkiyə ilə bağlı NATO-nun Yaxın Şərqdə gedən proseslərə müdaxilə etməsini istəyir: “Burada bir sıra məsələlər var. Məsələ ondadır ki, Türkiyə uzun illər PKK-ya qarşı təkbaşına mübarizə apardı. Sözügedən məsələdə NATO hansısa formada yardımçı olmadı. Bundan başqa 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi Türkiyə üçün ciddi təhdidlər yaratdı. Ölkəyə çoxsaylı qaçqınlar gəldi o vaxt. Təxminən 5 milyon qaçqın həmin vaxt Türkiyəyə sığındı. İŞİD terror təşkilatını Suriya və İraqın müəyyən ərazilərini ələ keçirməsi Türkiyə üçün təhlükəsizlik və geosiyasi təhdidlər yaratsa da, NATO bununla bağlı Ankaraya yardım etmədi. Üstəlik, həmin vaxt Suriyada silahlı kürd qruplaşmaları təhdid yaratdığından Türkiyə bir neçə həbi əməliyyat keçirməli oldu. Çox güman Fidan bu və digər məqamlara işarə edir. Ən nəhayət, Yəməndə baş verən vətəndaş müharibəsi, husilərin Qırmızı dənizdə yaratdığı problemlər bu və ya digər dərəcədə Türkiyəyə də toxunur. Ankara hesab edir ki, Türkiyə maraqları baxımından NATO onlara yardım etmir. Ancaq bütün hallarda baş verənlər o demək deyil ki, Türkiyə NATO-dan çıxacaq. Rəsmi Ankaranın belə bir niyyəti yoxdur”.
Vidadi ORDAHALI