Ukrayna Silahlı Qüvvələri noyabrın 23-də səhər saatlarında Rusiyanın Perm diyarında yerləşən iri neft emalı zavodunu yenidən dronlarla hədəfə alıb. Yerli kanalların məlumatına görə, “Lukoyl” şirkətinə məxsus “Permnefteorgsintez” zavoduna azı üç pilotsuz uçuş aparatı (PUA) düşüb. Bu, 2026-cı ilin əvvəlindən müəssisəyə qarşı qeydə alınan azı yeddinci hücumdur.
Qeyd edək ki, rəsmi məlumatına görə, Azərbaycan əsilli rusiyalı iş adamı, LUKOIL şirkətinin yaradıcısı və uzun illər prezidenti olmuş Vahid Ələkbərov hazırda şirkətin ən böyük səhmdarıdır.
Yerli sakinlərin çəkdiyi foto və videolarda zavodun ərazisində bir neçə yanğın ocağının yarandığı görünür. OSINT-analitik Astra-nın məlumatına görə, yanğının əsasən neft emalı sahəsində baş verdiyi ehtimal olunur. Həmin ərazidə əsas texnoloji qurğular, neftin elektrik üsulu ilə duzsuzlaşdırılması, eləcə də atmosfer-vakuum distilləsi avadanlıqları yerləşir.
Perm diyarının qubernatoru Dmitri Mahonin adı açıqlanmayan sənaye obyektində zədələnmələrin olduğunu təsdiqləyib. Onun sözlərinə görə, hücum nəticəsində xəsarət alan olmayıb. Qubernator bildirib ki, bölgədə PUA hücumlarının qarşısını hava hücumundan müdafiə qüvvələri və mobil atəş qrupları almağa çalışıb.
“Permnefteorgsintez” ildə təxminən 2 milyon ton benzin və 5 milyon ton dizel yanacağı istehsal edir. Zavodun illik neft emalı gücü 13 milyon tona çatır. 2026-cı ilin əvvəlindən müəssisəyə azı altı dəfə hücum edildiyi bildirilir. Mayın əvvəlində və avqustun sonunda baş verən zərbələrdən sonra emal qurğularına ciddi ziyan dəyməsi səbəbindən zavod fəaliyyətini tam dayandırmışdı.
Hücum zamanı Perm diyarında “Xalça” planı tətbiq edilib. Rusiya Federal Hava Nəqliyyatı Agentliyi yerli əhəmiyyətli “Bolşoye Savino” hava limanının fəaliyyətini dayandırıb.
Tahir TAĞIYEV