İran ordusu ABŞ-a məxsus F-16 qırıcı təyyarəsinə raket atıldığını və təyyarənin zədələndiyini iddia edib. ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı (CENTCOM) isə Tehranın bu məlumatını təkzib edib.
İran dövlət televiziyasının İran Ordusuna istinadən yaydığı xəbərdə bildirilir ki, ABŞ-a məxsus F-16 qırıcısı yerli hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanıb və ona zenit raketi buraxılıb.
Məlumata görə, raket təyyarənin yaxınlığında partlayıb və nəticədə qırıcı zədələnib. Təyyarə tapşırığını başa çatdıra bilməyərək yaxınlıqdakı hava limanına təcili eniş etməyə məcbur olub.
İran dövlət televiziyası hadisə ilə bağlı görüntülər də yayımlayıb. Kadrlarda raketin buraxılması və partlayış anı əks olunsa da, F-16 təyyarəsinin zədələndiyini təsdiqləyən aydın görüntülər təqdim edilməyib.
ABŞ-ın CENTCOM komandanlığı isə İranın iddialarını rədd edib.
“İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dünən ABŞ-ın F-16 qırıcı təyyarəsini vurduğunu, ona zərər yetirdiyini və təcili eniş etməyə məcbur etdiyini iddia edir. Bu, doğru deyil”, – deyə komandanlığın bəyanatında bildirilib.
CENTCOM həmçinin İranın ABŞ-a məxsus F-16 təyyarəsinə hücum etmədiyini və Yaxın Şərqdəki bütün Amerika qırıcılarının saz vəziyyətdə və təhlükəsiz olduğunu bəyan edib.
Qeyd edək ki, İran ordusu hadisənin cümə günü axşam saatlarında Fars körfəzi üzərində baş verdiyini açıqlamışdı. Lakin tərəflərin açıqlamaları arasında ciddi ziddiyyət var və İranın F-16 qırıcısına zərər vurması barədə iddia ABŞ tərəfindən təsdiqlənməyib.
Tahir TAĞIYEV