ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonun Ukraynaya aid qərarları Kiyevin birbaşa iştirakı olmadan qəbul etməməli olduğu barədə mövqeyi ilə razılaşdığını bildirib.
Tramp ABŞ-nin NBC telekanalına müsahibəsində bu məsələyə münasibət bildirib. NBC jurnalisti Qeyb Qutyerresin sosial şəbəkədə paylaşdığı məlumata görə, Tramp Ukrayna ilə bağlı qərarların ölkənin iştirakı olmadan verilməsinin düzgün olmadığını vurğulayıb.
“Mən onunla razıyam. Onsuz heç bir addım atmazdım. Axı o, həmin ölkənin prezidentidir. Buna görə də belə etməzdim”, – deyə ABŞ lideri bildirib.
Jurnalist, həmçinin Trampdan onun Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüş barədə soruşub. ABŞ prezidenti üçtərəfli təmasları yüksək qiymətləndirərək görüşün çox uğurlu keçdiyini deyib.
Onun sözlərinə görə, Şençjendə keçirilən üçtərəfli görüşün əsas mövzularından biri Ukrayna olub. Bununla yanaşı, İran ətrafındakı münaqişə də müzakirə edilib.
ABŞ prezidenti müsahibəsində Rusiya lideri Vladimir Putinin Ukraynanın Krım körpüsünə hücumlarından narazı qaldığını da söyləyib. O, körpünün konstruksiyalarının dağılması ilə nəticələnən hücumlara Putinin reaksiyasını “anlaşılan” adlandırıb.
Qeyd edək ki, ABŞ, Rusiya və Çin liderlərinin tarixdə ilk üçtərəfli görüşü noyabrın 19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində keçirilib.
Təxminən bir saat yarım davam edən görüşdən sonra tərəflər mətbuat üçün birgə bəyanatla çıxış etməyiblər. Çin Sədri Si Cinpin danışıqları “müsbət və konstruktiv”, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə görüşün atmosferini “yaxşı” qiymətləndirib.
Sammitin yekununda ABŞ, Rusiya və Çin liderlərinin birgə “Sülh haqqında Bəyannamə”si dərc olunub. Diqqətçəkən məqam isə Ukraynadakı müharibənin bəyannamənin mətnində ümumiyyətlə qeyd edilməməsidir.
Tahir TAĞIYEV