ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi əməliyyatın keçirilməsi ehtimalı ilə bağlı gözləmə mövqeyini qoruyur.
Çinin Şençjen şəhərində keçirilən APEC sammitindən qayıdarkən jurnalistlərin suallarını cavablandıran Tramp İrana qarşı yeni hücumların mümkünlüyünü şərh edib.
“İran məsələsində tələsik qərar vermirəm. Yeni ildən sonra nələrin baş verəcəyini görəcəyik”, – deyə ABŞ Prezidenti bildirib.
Trampın bu açıqlaması İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı hücumların yenidən başlanması üçün Vaşinqtona təzyiq göstərdiyi bir vaxta təsadüf edir.
“Axios” nəşrinin məlumatına görə, Tramp mövqeyini istənilən an dəyişə bilər və mümkün hərbi əməliyyatdan əvvəl əsl niyyətini ictimaiyyətə açıqlamaya bilər. Nəşr xatırladır ki, Tramp fevralın 28-də başlayan İran hücumlarından əvvəl də hələ qərar vermədiyini bildirmişdi. Lakin sonradan məlum olmuşdu ki, o, hücum əmrini artıq vermişdi.
ABŞ mənbələrinin məlumatına görə, İsrailə yaxın vaxtlarda əlavə “Patriot” hava hücumundan müdafiə batareyası təhvil verilib. Mənbələr bildiriblər ki, İsrailin planlarına İranın nüvə obyektlərinə qarşı yeni hücumlarla yanaşı, sənaye müəssisələrinin və mülki əhalinin elektrik enerjisi ilə təminatını poza biləcək genişmiqyaslı enerji infrastrukturu zərbələri də daxildir.
Lakin Trampın hələlik bu planlara razılıq vermədiyi qeyd olunur.
Bu arada, İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mühəbbi ABŞ-ın mümkün quru hücumuna qarşı hazırlıqların hava və dəniz müdafiəsi ilə müqayisədə daha yüksək səviyyədə olduğunu bildirib.
“Quru əməliyyatlarına hazırlığımız hava və dəniz sahələrindəki hazırlığımızdan xeyli yüksəkdir”, – deyə o vurğulayıb.
Vaşinqtonun İrana qarşı mümkün yeni hərbi əməliyyatla bağlı yekun qərarı hələ açıqlanmasa da, İsrailin hücum planları və Tehranın hərbi hazırlıqları regionda gərginliyin yenidən artması ehtimalını gündəmə gətirir.
Tahir TAĞIYEV