ABŞ-ın nüvə enerjisi ilə işləyən "George Washington" aviadaşıyıcısı, İran limanlarının dəniz blokadasının tətbiqi də daxil olmaqla, İrana qarşı hərbi əməliyyatlarda üç aylıq iştirakdan sonra Yaxın Şərqi tərk edib. ABŞ-ın digər iki aviadaşıyıcısı — "George H.W. Bush" və "Theodore Roosevelt" — regionda qalmaqdadır. Bu gediş barədə ilk məlumatı noyabrın 18-də "Bloomberg" agentliyi ABŞ-ın iki rəsmi şəxsinə istinadən yayıb. Daha sonra ABŞ Sakit Okean Donanmasının sözçüsü Katie Koenig "Associated Press" agentliyinə təsdiqləyib ki, "George Washington" yenidən Sakit Okean Donanmasının komandanlığı altına keçib və Asiya-Sakit Okean regionunda planlaşdırılmış əməliyyatları həyata keçirir. Məlumata görə, aviadaşıyıcı zərbə qrupu Yaponiyanın Yokosuka şəhərindəki daimi bazasına doğru hərəkət edir. Gəmilərin dəqiq marşrutu açıqlanmayıb.
"George Washington" 2026-cı ilin avqustunda Yaxın Şərqə göndərilmişdi. Onun gəlişi, heç bir limana daxil olmadan dənizdə 240 gündən çox vaxt keçirən "Abraham Lincoln" aviadaşıyıcısını əvəz etməyə imkan verdi. Bu həftənin əvvəlində "Theodore Roosevelt" regiona gəldi və bununla da Yaxın Şərqdəki ABŞ aviadaşıyıcılarının ümumi sayı qısa müddətə üçə çatdı. "George Washington"un ayrılması ilə bu rəqəm yenidən ikiyə düşdü. "George H.W. Bush" aviadaşıyıcısı aprel ayından bəri Yaxın Şərqdədir. İki aviadaşıyıcı zərbə qrupu ilə yanaşı, regionda esmineslər və kreyserlər də daxil olmaqla, ABŞ-ın ondan çox digər hərbi gəmisi fəaliyyət göstərir. ABŞ hərbi dəniz qüvvələri İranın xarici ticarətini, xüsusilə də neft ixracını məhdudlaşdırmaq məqsədi daşıyan İran limanlarının blokadasında iştirak edir. Birləşmiş Ştatlar öz tələblərinin yerinə yetirilməsini təmin etmək üçün Tehrana hərbi və iqtisadi təzyiqlər göstərməyə davam edir.
SAMİRƏ