Firdovsi Şahbazov: “İşçi qrupunun iclasının keçirilməsi problemlərin həll ediləcəyi anlamına gəlmir”
İrəvanda "Cənubi Qafqaz Dəmir Yolu" QSC-nin konsessiya idarəçiliyinin səmərəliliyi ilə bağlı məsələləri müzakirə etmək üçün yaradılmış Ermənistan-Rusiya işçi qrupunun ilk iclası keçirilib.
Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işçi qrupun rəhbəri, nazir müavini Davit İvanyan hökumətin dəmir yolu şəbəkəsinin inkişafı və regional kommunikasiyaların bərpası ilə bağlı mövqeyini təqdim edərək, onların regionun və Ermənistanın iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb. Görüş zamanı Rusiya tərəfi dəmir yolu şəbəkəsinin inkişafı və yük daşımalarının artım perspektivləri ilə bağlı qiymətləndirməsini təqdim edərək, regionda rəqabət, mövcud tutum və investisiya gəlirlərinin təmin edilməsi məsələlərinə diqqət yetirib.
Görüşdən sonra tərəflər işi davam etdirmək və yaradılmış işçi qrupunun məqsədlərini həll etmək üçün müntəzəm görüşlər keçirmək barədə razılığa gəliblər.
Sözügedən məsələyə aydınlıq gətirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov baki-xeber.com-a açıqlamasında bildirdi ki, Rusiya işçi qrupunun yaradılmasına qoşulmaqla Ermənistanda təsir imkanlarını qorumağa çalışır: “Paşinyan dəfələrlə konsessiya idarəetmə modelində dəyişiklik təklif edərək Rusiyanın konsessiya hüquqlarını həm İrəvan, həm də Moskva üçün məqbul olan üçüncü ölkəyə satmasını təklif edib. Paşinyan deyib ki, Rusiya ilə Ermənistan arasında Qazaxıstan şirkətinin hər iki ölkə üçün məqbul olduğu barədə qarşılıqlı anlaşma olsa, etiraz etməzlər. Ancaq Rusiya buna razı olmadı. Ermənistan tərəfinin arqumenti o idi ki, dəmir yollarının idarəçiliyi 2008-ci ildə Rusiyaya veriləndən sonra bu sahəyə əsaslı investisiya qoyulmayıb. Paşinyan hakimiyyətinin məqsədi odur ki, Ermənistan Orta Dəhlizin bir həlqəsi olsun və tranzit daşımalardan gəlir əldə etsin. Bunun üçün də ölkənin dəmir yol infrastrukturu yenilənməlidir. Rusiyanın belə bir imkanı yoxdur. Ona görə ki, "Rusiya Dəmir Yolları" (RZD) şirkətinin ümumi borcu təxminən 51 milyard dollar həcmində qiymətləndirilir. Rusiya hökuməti şirkəti xilas etmək və borcların bir hissəsini ödəmək üçün müxtəlif variantlar müzakirə edir. Ancaq Ukrayna ilə müharibə səbəbindən optimal həll ortada yoxdur. Ona görə də, Ermənistan-Rusiya işçi qrupunun iclasının keçirilməsi problemlərin həll ediləcəyi anlamına gəlmir. Rusiyanın buna nə imkanı var, nə də həvəsi. Sadəcə Rusiya Ermənistanda siyasi və iqtisadi təsirini qorumaqdan işçi qrupunun yaradılmasına razılaşıb. Yoxsa bundan sonra ciddi fəaliyyətin olacağını düşünmürəm”.
Vidadi ORDAHALLI