İran ABŞ və İsrail hərbi bazalarının yaxınlığında yerləşən bütün su bəndlərini, limanları və elektrik stansiyalarını hərbi hədəf hesab edəcək. Tehran bu yanaşma ilə ABŞ-ın İranın mülki infrastrukturuna münasibətdə tətbiq etdiyi məntiqə uyğun hərəkət edəcəyini bildirir.
Bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf “The New York Times” qəzetində dərc olunan məqaləni şərh edərkən bildirib.
“Yeni qayda: ABŞ və ya İsrail hərbi bazasının yaxınlığında yerləşən istənilən bənd, liman və ya elektrik stansiyası ikili təyinatlı obyekt hesab ediləcək. Biz sizin məntiqinizi ardıcıl və qərəzsiz şəkildə tətbiq edəcəyik”, – deyə Qalibaf X sosial şəbəkəsində yazıb.
O, ABŞ-ı İranın mülki infrastrukturuna qarşı növbəti hücum mərhələsinə hazırlaşmaqda ittiham edib.
Qeyd edək ki, “The New York Times” qəzeti ekspertlərə istinadən İranın geniş su bəndləri və su kəmərləri şəbəkəsinin yeraltı raket bazalarının təminatı məqsədilə qismən inşa edilmiş ola biləcəyini yazıb. Nəşrin məlumatına görə, bu obyektlərin yerləşdiyi ərazilər ABŞ və İsrailin cari ildə zərbələr endirdiyi bölgələrlə üst-üstə düşür.
Tahir TAĞIYEV