Rusiya hərbçiləri noyabrın 17-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə hücumundan sonra Kiyevə ballistik raket zərbələri endirib. Hücum nəticəsində Dnepr çayı üzərindəki Şimal və Cənub körpülərinin vurulduğu bildirilir.
Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, zərbələrdən sonra hər iki körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.
Şimal körpüsü yaxınlığında baş verən partlayışın görüntüləri də yayılıb. Rusiya tərəfdarı Teleqram kanallarının məlumatına görə, körpüyə üç, Cənub körpüsünə isə bir ballistik raket atılıb.
Kiyev Rusiyanın hücumları nəticəsində kritik infrastruktur obyektlərinin də zədələndiyini bildirib. Şəhərin bəzi ərazilərində su və istilik təchizatında fasilələr yaranıb. Desnyanski rayonunda isə 16 mərtəbəli yaşayış binasının həyətinə raket qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.
Rusiya Müdafiə Nazirliyi körpülərə zərbələr endirildiyini təsdiqləyib. Qurumun açıqlamasında həmin körpülərin Ukrayna Silahlı Qüvvələrinin hərbi yüklərinin, silahlarının və xüsusi texnikasının daşınması üçün istifadə edildiyi iddia olunub.
Xatırladaq ki, noyabrın 17-nə keçən gecə Ukraynanın növbəti hücumu nəticəsində ilhaq edilmiş Krım yarımadasını Rusiya ilə birləşdirən Krım körpüsünün bir hissəsi dağılıb. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, körpüdə avtomobil və dəmir yolu hərəkəti tamamilə dayandırılıb.
Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşşenko hücum zamanı “Flamingo” raketlərindən istifadə edildiyini iddia edib.
Tahir TAĞIYEV