Türkiyədə baş verən və 18 milyard avrodan çox vəsaiti əhatə edən maliyyə qalmaqalından təxminən 456 000 türk investor zərər görüb. Məlumatlara görə, fondlardan birində aktivlərin dəyəri 15 000%-dən çox artıb. İnvestorlar kütləvi şəkildə öz vəsaitlərini geri çəkməyə başlayanda səhm qiymətləri çöküb və bu, səlahiyyətli orqanları 131 fondun fəaliyyətinə müdaxilə etməyə məcbur edib. İstintaq çərçivəsində 430-dan çox şəxs, o cümlədən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş sədr müavini Fatma Betül Sayan Kaya barəsində araşdırma aparılır.
İş üzrə İstanbul Fond Birjasının keçmiş rəhbəri də saxlanılıb. Fond bazarı üzrə ekspert Kristian Röhl "Bild" qəzetinə açıqlamasında bildirib ki, ölkədə inflyasiyanın 30%, əsas faiz dərəcəsinin isə 36% olduğu bir şəraitdə maliyyə sisteminə ictimai etimad sarsılıb. Bu qalmaqal vəziyyəti daha da ağırlaşdırıb. Türkiyə hazırda milyardlarla xarici investisiyanın ölkədən çıxması təhlükəsi ilə üz-üzədir. Üstəlik, beynəlxalq indeks provayderi MSCI ölkəni "inkişaf etməkdə olan bazarlar" indeksindən çıxara bilər. Bu isə müəyyən xarici investisiya fondlarını Türkiyədəki aktivlərini satmağa məcbur edəcək.
SAMİRƏ