ABŞ kəşfiyyatının əldə etdiyi məlumatlar İranın hələ də 1 500–2 500 raketə malik olduğunu göstərir. Bununla belə, ehtiyatların dəqiq sayını müəyyənləşdirməyin çətinliyi səbəbindən bu dəyərləndirmələrin etibarlılıq səviyyəsinin aşağı olduğu bildirilir.
“The Wall Street Journal” qəzeti adlarının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə istinadən bildirib ki, İranın raket ehtiyatlarının dəqiq sayını müəyyənləşdirmək çətin olduğundan bu rəqəmlər aşağı etibarlılıq dərəcəsinə malik qiymətləndirmə hesab olunur.
ABŞ rəsmiləri İranın müharibəyə baxmayaraq, böyük silah ehtiyatlarını qoruyub saxladığını iddia ediblər. Onların sözlərinə görə, ABŞ və İsrailin zərbələri nəticəsində silah istehsalı müəssisələrinə ciddi ziyan dəysə də, Tehran silah istehsalını daha aşağı templə davam etdirir.
Bundan başqa, İranın çoxsaylı pilotsuz uçuş aparatlarına (PUA) və qısa mənzilli raketlərə malik olduğu da irəli sürülüb. Bildirilib ki, İranın hərbi potensialını yenidən bərpa etməsi ABŞ Prezidenti Donald Tramp administrasiyasını bu ölkəyə qarşı hərbi əməliyyatların yenidən başlanması məsələsini nəzərdən keçirməyə sövq edib.
Adları açıqlanmayan ABŞ və İsrail rəsmiləri İranın ABŞ-ın hərbi obyektlərini, radarlarını və erkən xəbərdarlıq sistemlərini hədəfə alması səbəbindən Vaşinqtonun regiondakı bəzi hərbi qüvvələrini daha təhlükəsiz hesab etdiyi İsrailə köçürdüyünü iddia ediblər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəlki açıqlamalarında İranın silah arsenalını məhv etdiklərini və onun yenidən bərpa olunmasının qarşısını aldıqlarını bildirmişdi.
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf isə müharibə şəraitinə baxmayaraq, ölkəsinin raket istehsalını davam etdirdiyini açıqlayıb. O, yeraltı ərazidə inşa edilmiş yeni raket şəhərciyinin açılışına da diqqət çəkib.
Qalibaf bildirib ki, bu, təkcə texniki və müdafiə sahəsində nailiyyət deyil, həm də regionda strateji dəyişikliklərin simvoludur.
“Biz nə müharibə, nə də sülh vəziyyətində qalacağıq”, – deyə İran parlamentinin sədri vurğulayıb.
O, həmçinin ABŞ-ın İranın irəli sürdüyü yeddi şərti qəbul edəcəyi təqdirdə razılaşma üçün imkanların olduğunu bildirib. Qalibaf Vaşinqtonu xəbərdar edərək qeyd edib ki, ABŞ bu dəfə də səhvə yol verərsə, müharibənin coğrafiyasını İran Silahlı Qüvvələrinin gücü və iradəsi müəyyən edəcək.
Tahir TAĞIYEV