Səudiyyə Ərəbistanının dövlət naziri və Nazirlər Şurasının üzvü, şahzadə Türki ibn Məhəmməd ibn Fəhd Al Səud Çeçenistana işgüzar səfər edib. Səfər çərçivəsində yüksək səviyyəli qonağa Qroznıda Rusiya Prezidenti Vladimir Putinin adını daşıyan yeni yaşayış massivində aparılan tikinti işləri təqdim olunub.
Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında məlumat verib.
Şahzadəni səfər zamanı Səudiyyə Ərəbistanının Rusiyadakı səfiri Sami Məhəmməd A. Əl-Sədxan müşayiət edib.
Kadırovun sözlərinə görə, nümayəndə heyətinin Çeçenistandakı proqramının ilk dayanacağı Vladimir Putinin adını daşıyan yeni yaşayış massivi olub. Burada Səudiyyə Ərəbistanından gələn qonaqlar üçün xüsusi ekskursiya təşkil edilib. Onlara ərazidə aparılan tikinti işləri, layihənin inkişaf mərhələləri və gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulan obyektlər barədə ətraflı məlumat verilib.
Çeçenistan rəhbəri bildirib ki, qonaqlara yeni yaşayış massivinin inkişaf perspektivləri və burada həyata keçirilən layihələr təqdim olunub.
“Gördükləri mənzərə hörmətli qonaqlarda xoş təəssürat yaradıb”, – deyə Kadırov qeyd edib.
Putinin adını daşıyan yeni yaşayış massivinin Səudiyyə Ərəbistanından olan nümayəndə heyətinə ilk təqdim olunan məkanlardan biri olması səfərin simvolik tərəfini də ön plana çıxarır.
Tahir TAĞIYEV