ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələrindən biri Cared Kuşner Rusiya, Ukrayna və ABŞ arasında aparılan danışıqların növbəti mərhələsində Avropa ölkələrinin də iştirak edəcəyini açıqlayıb.
Kuşner bu barədə Əbu-Dabi, Moskva və Dublində üç gün davam edən görüşlərin yekunlarına dair “X” sosial şəbəkəsində paylaşdığı geniş bəyanatda bildirib. Onun sözlərinə görə, tərəflər növbəti danışıqlara Avropa tərəfdaşlarının da cəlb olunması barədə razılığa gəliblər. Bu, Ukrayna və Rusiya arasındakı ərazi məsələləri ilə yanaşı, müharibədən sonrakı Avropa təhlükəsizliyinin daha geniş müzakirəsinə imkan yaradacaq.
Ukrayna əvvəldən Avropa ölkələrinin danışıqlarda iştirakını dəstəkləsə də, Moskva buna qarşı çıxıb. Rusiyanın mövqeyində dəyişiklik olması barədə isə hələlik rəsmi açıqlama verilməyib.
Kuşner bildirib ki, hərbi əməliyyatların uzunmüddətli dayandırılması üçün etibarlı təhlükəsizlik təminatları, mümkün toqquşmaların qarşısını alan mexanizmlər və gərginliyin azaldılmasına dair qarşılıqlı öhdəliklər vacibdir. O, Ukrayna Prezidenti Volodimir Zelenski və komandası ilə sıx təmasların davam etdirilməsi barədə razılıq əldə olunduğunu da qeyd edib.
“Avropanın təhlükəsizliyi ilə bağlı daha geniş razılaşmalar Ukraynanın təhlükəsizlik narahatlıqları nəzərə alınmadan yekunlaşdırıla bilməz”, – deyə Kuşner vurğulayıb.
O, həmçinin Donald Trampın müharibəyə son qoymaqda qətiyyətli olduğunu bildirib. Kuşnerin sözlərinə görə, tərəflər arasında ciddi fikir ayrılıqları qalır, lakin danışıqlarda əldə olunan irəliləyiş ümidvericidir.
İrlandiyada Zelenski ilə görüşdən sonra jurnalistlərə açıqlama verən Kuşner Avropa ölkələrinin danışıqlar masasında iştirakının vacibliyini bir daha vurğulayıb: “Avropalılar danışıqlar masasında olmadan bu razılaşmanı yekunlaşdıra bilmərik”.
Qeyd edək ki, Moskva Avropa ölkələrinin danışıqlarda iştirakına açıq şəkildə etiraz edir. Kuşner isə cümə axşamı Kremldə Rusiya Prezidenti ilə görüşünün açıq hissəsində də Avropanın prosesə cəlb olunmasının vacibliyini vurğulayıb.
Tahir TAĞIYEV