Akif Nağı: “Ermənistan müxalifətinin bu hadisədən istifadə edərək Paşinyan hakimiyyətinə qarşı ucuz siyasi təbliğat aparması da göz qabağındadır”
Noyabrın 11-də keçirilən mətbuat konfransında Ermənistan parlamentinin müxalif "Hayastan" ("Ermənistan") fraksiyasının rəhbəri Anna Qriqoryan bildirib ki, hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) "İrəvan-Mərkəz" ("Yerevan-Kentron") penitensiar müəssisəsində saxlanılan azərbaycanlı hərbi qulluqçu Nəsimi Musayevə yüksək səviyyəli şərait yaradılıb. Erməni deputat N.Musayevə yüksək şərait yaradıldığı, onunla qonşu kamerada saxlanılan Ermənistanın sabiq prezidenti Robert Köçəryanın və digər müxalifət liderlərinin isə "qeyri-insani" şəraitdə saxlanıldığını iddia edib.
Qriqoryan bu fikirləri Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın MTX təcridxanasındakı şəraitin normal olması ilə bağlı açıqlamasına cavab olaraq səsləndirib. Deputat nazirə həmin kamerada bir ay qalaraq şəraiti şəxsən yoxlamağı təklif edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun hərbçisi Nəsimi Musayev 1 oktyabr 2026-cı il tarixində naməlum şəraitdə Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Şəki kəndi istiqamətində sərhədi keçdikdən sonra saxlanılıb. Ermənistan tərəfi ona qarşı cinayət işi açıb və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Məlum olduğu kimi, Ermənistanın ikinci prezidenti Robert Köçəryan isə 25 avqust 2026-cı il tarixində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və çirkli pulların yuyulması ittihamları ilə həbs olunub. Oktyabr ayında onun həbs müddəti uzadılıb.
Erməni deputat iddia edir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) "İrəvan-Mərkəz" ("Yerevan-Kentron") penitensiar müəssisəsində N.Musayev üçün yüksək şərait yaradılıb, amma R.Köçəryan isə “qeyri-insani” münasibətlə üzləşib.
Azad Vətən Partiyasının sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, erməni müxalif deputatın bu açıqlaması təsadüfi xarakter daşımır. A.Nağı vurğuladı ki, birincisi, Anna Qriqoryan bu açıqlama ilə Azərbaycan hərbiçisinin guya yaxşı şəraitdə saxlanıldığını, ikincisi, R.Köçəryanın vəziyyətini dilə gətirməklə hökumətə təzyiq göstərməyə çalışır.
“Əlbəttə, müqayisə aparanlar məsələyə başqa mövqedən, fərqli rakursdan yanaşmağa və bu hadisəni daim gündəmdə saxlamağa çalışırlar. Məqsəd isə baş verən hadisədən hakimiyyətə qarşı ittihamlar irəli sürmək üçün istifadə etməkdir.
Ümumiyyətlə, Azərbaycan əsgərinin Ermənistan ərazisində saxlanılması özü ciddi narahatlıq doğuran məsələdir. Ermənistan tərəfi onun qəsdən hər hansı hadisə törətmədiyini bildirsə də, baş verənlər Paşinyan hakimiyyətinin siyasətindəki ziddiyyətləri üzə çıxarır. Bir tərəfdən Ermənistan rəhbərliyi Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışır, digər tərəfdən isə Azərbaycan əsgəri ilə bağlı belə bir vəziyyət yaranır, onun barəsində araşdırmalar aparılır və həbsdə saxlanılır. Əgər ortada qəsdən törədilmiş hər hansı əməl yoxdursa, bu araşdırmaların uzadılmasına nə ehtiyac var? Hesab edirəm ki, Azərbaycan əsgəri mümkün qədər tez geri qaytarılmalıdır.
Xatırladaq ki, həmin dövrdə azaraq Ermənistan tərəfinə keçən çoban azad edilərək geri qaytarılmışdı. Lakin Ermənistan daxilindəki siyasi qüvvələr bu hadisədən öz maraqları naminə istifadə etməyə çalışırlar. Hakimiyyət də, müxalifət də məsələyə siyasi məqsədlər prizmasından yanaşır”.
A.Nağı vurğuladı ki, müxalifət Paşinyan hakimiyyətinə qarşı ittihamlar irəli sürmək, eyni zamanda Azərbaycanla bağlı mənfi ictimai rəy formalaşdırmaq istəyir.
“İndi Azərbaycan əsgərinin saxlanma şəraiti ilə bağlı da müxtəlif iddialar səsləndirilir. Hətta onun Milli Təhlükəsizlik Xidmətinin zirzəmisində saxlanıldığı bildirilir. Halbuki xüsusi xidmət orqanlarının nəzarətində olan şəxslərin xüsusi təcridxanalarda və mühafizə olunan kameralarda saxlanılması təcrübəsi bir çox ölkələrdə mövcuddur. Bu baxımdan, saxlanma yerinin harada olması ilə bağlı məsələnin süni şəkildə qabardılması hadisənin mahiyyətini dəyişmir.
Digər tərəfdən, həmin əsgəri qaçırmaqda ittiham olunan şəxs də Ermənistan qanunvericiliyinə əsasən cinayətdə ittiham edilir və onun da saxlanılması hüquqi prosedurlar çərçivəsində həyata keçirilir. Bu iki vəziyyəti bir-biri ilə müqayisə etmək isə düzgün deyil. Çünki burada mahiyyət və hüquqi əsaslar fərqlidir.
Mən hesab edirəm ki, bu məsələnin saxlanma şəraiti üzərindən siyasi müzakirə predmetinə çevrilməsi o qədər də əhəmiyyətli deyil. Azərbaycan əsgərinin Köçəryanla bir kamerada, yaxud qonşu kamerada saxlanılması əsas məsələ deyil. Əsas məsələ onun hüquqlarının qorunması, təhlükəsizliyinin təmin edilməsi və ən qısa zamanda Azərbaycana qaytarılmasıdır.
Ermənistan müxalifətinin bu hadisədən istifadə edərək Paşinyan hakimiyyətinə qarşı ucuz siyasi təbliğat aparması da göz qabağındadır. Onlar bir tərəfdən Azərbaycan əsgərinin guya daha yaxşı şəraitdə saxlanıldığını iddia edir, digər tərəfdən isə bu vəziyyəti hakimiyyətə qarşı ittiham vasitəsinə çevirirlər. Bunun nə dərəcədə həqiqətə uyğun olduğu, saxlanılan şəxslərin həqiqətən harada və hansı şəraitdə tutulduğu isə dəqiq məlum deyil.
Bütün bunlar, məncə, Ermənistan müxalifətinin siyasi mübarizədə nə qədər aşağı səviyyəli təbliğat üsullarına əl atdığının göstəricilərindən biridir. Hadisənin mahiyyətini araşdırmaq, hüquqi və humanitar tərəflərini önə çəkmək əvəzinə, onu daxili siyasi qarşıdurmanın alətinə çevirməyə çalışırlar”-deyə A.Nağı vurğuladı.
İradə SARIYEVA