Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları ölkənin ən böyük dövlət fondlarından biri olan “Samruk-Kazına”nın İdarə Heyətinin sədri Nurlan Jakupovu və “Qazaxıstan Dəmir Yolları” (KTJ) şirkətinin rəhbəri Eljas Otınşiyevi saxlayıblar.
MTK-nın məlumatına görə, hər iki rəhbər noyabrın 11-də korrupsiya cinayətində şübhəli bilinərək saxlanılıb. İş üzrə digər şəxslər də tutulub. Hazırda hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri aparılır.
Qazaxıstan mediasında Astananın mərkəzində yerləşən yaşayış kompleksinin pəncərəsindən içərisində dollar dəstələri olan çamadan və çantaların atıldığını əks etdirən videolar yayılıb. Kadrlarda ərazinin polis tərəfindən mühasirəyə alındığı görünür. Bir sıra yerli KİV hadisənin saxlanılan şirkət rəhbərləri ilə əlaqəli olduğunu yazsa da, bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.
Tahir TAĞIYEV