Süd və yumurtanın uçotu: kəndliyə statistik nəzarət, yoxsa gələcək vergi və sosial məhdudiyyətləri?
2027-ci il yanvarın 1-dən şəxsi təsərrüfatlarda istehsal olunan süd və yumurtanın qeydə alınması nəzərdə tutulur. İlk baxışdan bu addım kənd təsərrüfatı məhsullarının real istehsal həcmini müəyyənləşdirmək, ölkənin ərzaq balansını dəqiqləşdirmək və idxaldan asılılığı qiymətləndirmək baxımından məntiqli görünə bilər. Lakin məsələnin narahatlıq doğuran tərəfi uçotun aparılması deyil, toplanan məlumatların gələcəkdə hansı məqsədlərlə istifadə ediləcəyidir.
Yeni qaydalara əsasən, yalnız satılan məhsul deyil, ailənin özünün istehlak etdiyi, qohumlarına verdiyi və başqa məqsədlərlə istifadə etdiyi süd və yumurta da istehsal göstəricisinə daxil edilir. Bu, statistik baxımdan istehsalın ümumi həcmini hesablamağa imkan versə də, şəxsi istehlakla kommersiya fəaliyyətinin fərqini qorumaq vacibdir.
Əsas narahatlıq bu məlumatların gələcəkdə vergi və sosial yardım mexanizmlərində istifadə olunması ehtimalıdır. Məsələn, bir ailənin həyətində 10 toyuq, bir inək saxlaması və gündəlik müəyyən qədər süd-yumurta əldə etməsi onun maddi cəhətdən təminatlı olması demək deyil. Həmin məhsulların böyük hissəsi ailənin öz ərzaq tələbatına sərf edilə bilər. İstehsal olunan məhsulun miqdarını ailənin real pul gəliri kimi qiymətləndirmək iqtisadi baxımdan düzgün yanaşma deyil.
Xüsusilə ünvanlı sosial yardım məsələsində diqqətli olmaq lazımdır. Əgər gələcəkdə şəxsi təsərrüfatda istehsal olunan məhsulun həcmi ailənin sosial vəziyyətini müəyyənləşdirən əlavə meyara çevrilərsə, aztəminatlı ailələr yardım almaq imkanlarını itirə bilərlər. Eyni risk vergi məsələsində də mövcuddur. Bir neçə toyuq və inək saxlamaq sahibkarlıq fəaliyyəti deyil. Şəxsi istehlak üçün istehsal olunan məhsulun kommersiya gəliri kimi qəbul edilməsi kəndlinin üzərinə əsassız yük qoymaq deməkdir.
Digər problem uçotun dəqiqliyi ilə bağlıdır. Yumurta və süd istehsalının bəzi hallarda heyvanların sayı və orta məhsuldarlıq göstəriciləri əsasında hesablanması nəzərdə tutulur. Halbuki, hər təsərrüfatda məhsuldarlıq eyni deyil. Belə təxmini göstəricilərin sonradan vergi və sosial yardım qərarlarına təsir göstərməsi ciddi narazılıqlar yarada bilər.
Dövlətin kənd təsərrüfatı istehsalı barədə statistik məlumat toplaması normaldır. Ancaq bunun üçün kəndlini əlavə inzibati nəzarət altında saxlamaq, şəxsi istehlakını kommersiya fəaliyyəti kimi qiymətləndirmək yolverilməzdir. İlk növbədə, uçotun məqsədi və toplanan məlumatlardan istifadə qaydaları ictimaiyyətə aydın izah edilməlidir. Bu məlumatların vergi və sosial yardım sistemində hansı formada istifadə ediləcəyi hüquqi baxımdan dəqiq müəyyənləşdirilməlidir.
Nəticə etibarilə, məsələ südün və yumurtanın sayılmasında deyil, bu məlumatların gələcəkdə hansı məqsədlərə xidmət edəcəyindədir. Əgər məqsəd yalnız ölkədə ərzaq istehsalının real həcmini müəyyənləşdirməkdirsə, bunun iqtisadi əhəmiyyəti var. Amma statistik uçot sonradan kəndlinin vergi yükünü artırmaq və sosial yardım almaq imkanlarını məhdudlaşdırmaq vasitəsinə çevrilməməlidir. Dövlət kəndlini təsərrüfat qurmağa və istehsalı artırmağa həvəsləndirməli, onu öz həyətində bir neçə toyuq və inək saxlamaqdan çəkindirəcək mexanizmlər yaratmamalıdır.
Akif NƏSİRLİ