ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ABŞ-İran münaqişəsinin danışıqlar yolu ilə həllində hələlik heç bir irəliləyiş yoxdur və Vaşinqton Tehranın tələblərini qeyri-real hesab edir.
"Heç bir irəliləyiş barədə sizə məlumat verə bilməyəcəyəm. Baş verənlərin bəzilərini görürsünüz. Bir sıra ölkələr müxtəlif ideyalar irəli sürərək onlarla (İranla) əlaqə saxlamağa davam edir. Amma mən deməzdim ki, biz irəliləyişin astanasındayıq", - deyə Rubio jurnalistlərə bildirib.
O, həmçinin ABŞ prezidenti Donald Trampın hər zaman istənilən problemi diplomatik yolla həll etməyə üstünlük verdiyini vurğulayıb: "Bəzən bu mümkün deyil. Amma əgər bunu etmək üçün bir fürsət varsa, biz bundan istifadə edəcəyik".
Hazırda danışıqların çox da məhsuldar olmadığını deyən Rubio, İranın tələblərini qeyri-real adlandırıb: "İranın tələbləri nəinki qəbuledilməzdir - bəzi hallarda onlar həddindən artıq, gülünc və tamamilə qeyri-realdır".
O, İrana xəbərdarlıq da edib: "Birləşmiş Ştatlar müdafiə xarakterli hərəkət edir. Bölgədəki qüvvələrimiz təhdid altında olarsa, cavab tədbirləri görəcəyik. Bizim özünümüdafiə hüququmuz var".
Tahir TAĞIYEV