Abutalıb Səmədov: “Mən güman edirəm ki, ya bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil, ya da səfər baş tutsa belə, arzulanan nəticəni verməyəcək”
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycana dəvət edilib. Bu barədə MHP sədrinin baş müşaviri, partiyanın İdarə Heyətinin üzvü Əsma Özdaşlı məlumat verib.
O qeyd edib ki, Baxçalının hazırkı iş qrafiki sıxdır. Bununla belə, Azərbaycana yaxın günlərdə səfər müzakirə olunur. Səfərlə bağlı yekun qərar veriləcək.
Söhbət zamanı Özdaşlı Baxçalının Azərbaycana dəstəyini də xüsusi vurğulayıb. O, Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz və toxunulmaz olduğunu, heç kimin bu münasibətlərə zərər verə bilməyəcəyini bildirib.
Birincisi, Baxçalının Azərbaycana hansı qurum tərəfindən dəvət edildiyi açıqlanmır. Niyə açıqlanmayıb? Kim dəvət edib? Bəlkə hansısa siyasi partiya, yaxud rəsmi dövlət qurumu dəvət edib? Bunu niyə demirlər?
İkincisi, Baxçalının Azərbaycana dəvət olunması nə məqsəd daşıya bilər? Əgər bu hazırda Türkiyə ilə Azərbaycan arasında münasibətlərlə bağlıdırsa Baxçalının bu işdə nə kimi həlledici rolu ola bilər?
Ekspertlərin qeyd edirlər ki, bu, siyasi gərginliyin azaldılması və nifaq cəhdlərinin qarşısının alınması mahiyyəti daşıya bilər. Son dövrlərdə bəzi daxili məsələlər və hicab mövzusu üzərindən Türkiyə daxilindəki müəyyən dairələr tərəfindən Azərbaycana qarşı yönələn hücumlar və iki ölkə arasında süni gərginlik yaratmaq cəhdləri baş vermişdi. Dövlət Baxçalı bu hücumları qətiyyətlə qınayaraq, bu məsələlərin Azərbaycanın daxili işi və suverenlik haqqı olduğunu bəyan etmiş, iki qardaş ölkə arasına nifaq toxumu əkilməsinə icazə verilməməli olduğunu vurğulamışdır.
Bəzi mənbələrə görə, Dövlət Baxçalının Azərbaycanı və Prezident İlham Əliyevi prinsipial şəkildə müdafiə edən bəyanatlarından dərhal sonra, 23 oktyabr 2026-cı ildə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov MHP qərargahında Baxçalı tərəfindən qəbul edilib. Məhz bu mühüm görüş zamanı Azərbaycan tərəfi Baxçalıya rəsmi dəvətini çatdırıb.
“Alyans”SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, Azərbaycanla Türkiyə arasında yaranmış soyuqluğun daha ciddi səbəbləri var. “Bu problemlərin aradan qaldırılmasında əsas məsuliyyət Türkiyə rəhbərliyinin üzərinə düşür.
Baxmayaraq ki, Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxaçalı münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atdı, göstərilən səylər kifayət etmədi. Türkiyə hakimiyyətinin atdığı addımlar isə həm yarımçıq, həm də xeyli gecikmiş oldu.
Burada, ilk növbədə, bir neçə məqamı unutmamalıyıq.
Birincisi, Türk Dövlətləri Təşkilatının əvvəlki toplantısında Türkiyə Prezidenti iştirak etmədi, Şuşaya gəlmədi. İctimaiyyətə açıqlanan məlumata görə, o, həmin toplantıda iştirak etmək əvəzinə Hollandiya–Türkiyə futbol oyununa baxmağa üstünlük verdi. Bundan başqa, Türkiyə Prezidenti iki mühüm tədbirdə də iştirak etmədi. Onlardan biri Türk Dövlətləri Təşkilatının sammitindən təxminən iki həftə əvvəl Bakıda keçirilən mühüm tədbir idi. Təəssüf ki, Türkiyə həmin tədbirdə yalnız xarici işlər naziri səviyyəsində təmsil olundu.
Bununla yanaşı, Türkiyənin müxtəlif kütləvi informasiya vasitələrində, ayrı-ayrı vəzifəli şəxsləri və diplomatları tərəfindən Azərbaycan haqqında qəbuledilməz bəyanatlar səsləndirildi. Təəssüf ki, bu açıqlamalara qarşı AKP hakimiyyəti tərəfindən adekvat münasibət nümayiş etdirilmədi.
Yeni Azərbaycan Partiyasının qurultayında Azərbaycan Prezidenti bir neçə mühüm məqama diqqət çəkdi. O, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinin olduğunu və belə müdaxilələrin Azərbaycan hakimiyyəti tərəfindən heç vaxt qəbul edilmədiyini, bundan sonra da qəbul edilməyəcəyini açıq şəkildə bildirdi”.
A.Səmədov vurğuladı ki, eyni zamanda, 44 günlük Vətən müharibəsi dövründə bəzi dövlətlərin Azərbaycana silah və sursatı baha qiymətə satdığı da qeyd olundu. A.Səmədovun fikrincə, təbii ki, Azərbaycan həmin dövrdə bir çox dövlətlərdən silah almışdı. “Bizim onlardan xüsusi bir umacağımız olmadığı üçün silahların baha qiymətə satılması belə Azərbaycan rəhbərliyini ciddi narahat etmirdi. İndiyə qədər də bu məsələyə xüsusi əhəmiyyət verilməyib.
Lakin bu cür giley-güzar, adətən, ən yaxın və dost hesab edilən dövlətlərə münasibətdə səsləndirilir. Məhz buna görə də bu məsələnin Azərbaycan–Türkiyə münasibətləri kontekstində hansı məna daşıdığı üzərində düşünməyə ehtiyac var.
Problemlər kifayət qədərdir və hesab edirəm ki, onların aradan qaldırılması yalnız dövlət başçıları səviyyəsində keçiriləcək görüşlər vasitəsilə mümkün ola bilər. Dövlət Baxçalı nə qədər nüfuzlu siyasətçi olsa da, bu məsələdə onun imkanları məhduddur. Onun göstərdiyi səylər müəyyən nəticələr verə bilər, lakin problemin köklü şəkildə həllinə yetərli olmaya bilər.
Üstəlik, Bahçelinin Azərbaycana kim tərəfindən və hansı məqsədlə dəvət edildiyi hələ də aydın deyil. Mən güman edirəm ki, ya bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil, ya da səfər baş tutsa belə, arzulanan nəticəni verməyəcək.
Axı Türkiyənin xarici işlər naziri Hakan Fidan artıq Azərbaycana gəlmiş, görüşlər keçirilmiş və müzakirələr aparılmışdı. Türkiyədə Hakan Fidan ən nüfuzlu dövlət məmurlarından biridir. Deməli, məsələ yalnız diplomatik görüşlərin keçirilməsi ilə bitmir. Daha yüksək siyasi səviyyədə ciddi səylərin göstərilməsinə və müəyyən həqiqətlərin açıq şəkildə dilə gətirilməsinə ehtiyac var.
Bundan başqa, Prezident Rəcəb Tayyib Ərdoğan nədənsə bu məsələlərə birbaşa münasibət bildirmədi. O, daha çox münasibətlərin pozulmaması, tərəflərin bir-birindən uzaqlaşmaması barədə ümumi və üstüörtülü fikirlər səsləndirdi.
Halbuki Azərbaycanın Türkiyədən uzaqlaşdırılmasına çalışan qüvvələrə qarşı özünəməxsus üslubda sərt reaksiya verilməsini gözləmək təbii idi. Təəssüf ki, belə bir mövqe nümayiş etdirilmədi. Üstəlik, Türkiyədə bu cür qüvvələr kifayət qədərdir və onların arasında Prezidentin ən yaxın çevrəsinə daxil olan şəxslərin də olduğu barədə ciddi narahatlıqlar mövcuddur.
Bütün bunları nəzərə alaraq hesab edirəm ki, Dövlət Baxçalının Azərbaycana səfəri baş tutsa belə, ciddi nəticələr əldə olunacağına böyük ümid bəsləmək doğru olmazdı. Çünki Azərbaycan–Türkiyə münasibətlərindəki problemlər yalnız dostluq bəyanatları və diplomatik təmaslarla həll ediləcək səviyyədə deyil. Burada daha ciddi siyasi iradə, konkret addımlar və qarşılıqlı münasibətlərdə səmimiyyət tələb olunur”-deyə A.Səmədov vurğuladı.
İradə SARIYEVA