Ukrayna Rusiyanın Nijni Novqorod vilayətindəki Kstovo neft emalı zavoduna hücum edib. Yerli sakinlər sosial mediada Kstovo neft emalı zavoduna hücum edildiyini və zavodun bir neçə yerində böyük yanğın baş verdiyini bildiriblər.
Məlumata görə, Rusiya hava hücumundan müdafiə qüvvələri əvvəllər zavoda hücum cəhdlərini dəf etsə də, dronlar neft emalı zavoduna zərbə endirməyi bacarıb.
Hələlik yerli hakimiyyət orqanlarından heç bir rəsmi açıqlama verilməyib. Hücumda hansı silahlardan istifadə edildiyi də məlum deyil.
Bundan əlavə, Exilenova+ Kstovoda yerləşən Novoqorkovskaya istilik və elektrik stansiyasına mümkün hücum barədə məlumat verib. Stansiya neft-kimya müəssisələri də daxil olmaqla, yerli sənayeni enerji ilə təmin edir. Lakin, onun vurulduğu barədə məlumatlar hələlik təsdiqlənməyib.
Kstovo neft emalı zavodu Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. Onun layihə gücü ildə təxminən 17 milyon ton neft təşkil edir. Bu göstəriciyə görə, o, Rusiya neft emalı zavodları arasında dördüncü, avtomobil benzini istehsalına görə isə ikinci yerdədir.
Tahir TAĞIYEV