Qulamhüseyn Əlibəyli: “Avropanı sülh prosesindin tamamilə kənarda qoymaq praktiki cəhətdən çətin görünür”
Rusiyanın Avropa kimi danışıqçılara ehtiyacı yoxdur və çətin ki, ABŞ-ın da buna ehtiyacı olsun. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Avropa İttifaqı müharibəni daha da qızışdırmaq və uzatmaq məqsədi daşıyan təxribatçı mövqe tutur. Bizə belə iştirakçılar lazım deyil. Çətin ki, sülhə nail olmaq istəyən amerikalıların da onlara ehtiyacı olsun”, - Kremlin sözçüsü vurğulayıb.
Peskov xatırladıb ki, Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa İttifaqının iştirakı nəzərdə tutulmur. Qeyd edək ki, Ukrayna ilə bağlı Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar Əbu-Dabidə keçiriləcək.
Göründüyü kimi, Peskov Putinin adından nöqtəni qoydu. Yəni Avroittifaq danışıqlarda olmayacaq.
Maraqlıdır, Avropa olmadan Ukrayna ilə sülh mümkündürmü?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Peskovun bu bəyanatı Abu-Dbidə keçirilməsi nəzərdə tutulan danışıqların tərkibinin Rusiya tərəfindən təkbaşına müəyyənləşdirmək istəyini göstərir: “Rusiya hakimiyyətinin Ukrayna üzrə danışıqlarda Avropa İttifaqının iştirakına qarşı çıxması sadəcə diplomatik narazılıqdan yox, sülhün hansı şərtlərlə müzakirə olunacağına qabaqcadan təsir etmək cəhdidir. Danışıq masasının tərkibi gələcək razılaşmanın məzmununa təsir göstərir: iştirakçıların sayı azaldıqca bəzi etirazların qarşısını almaq, müəyyən məsələləri isə gündəlikdən kənarda saxlamaq asanlaşa bilər. Avropa İttifaqını danışıqlardan kənarda saxlamaq istəyinin mümkün izahlarından biri Ukraynaya siyasi dəstəyin azaldılması, bir növ Ukraynanın danışıqlar prosesində təklənməsi ola bilər. Ukraynanın mövqeyinə yaxın iştirakçıların çoxalması Rusiyanın və ABŞ-ın təkliflərinə qarşı əlavə etiraz və şərtlər yarada bilər. Trampın bu müharibədə Rusiyapərəst mövqeyini və Ukraynanı ərazi itkisi ilə barışdırmaq və sülhə məcbur etmək mövqeyini nəzərə alsaq, bu versiya daha inandırıcı görünür. Bu halda danışıqlar zamanı Ukraynanın Avropa dəstəyindən məhrum olması ABŞ-ın və Rusiyanın maraqlarına uyğun gəlir. Həm Vaşinqtonun və həm də Moskvanın nəzərində daha əlverişli görünə dar çərçivədə razılaşma əldə olunma ehtimalını artıra bilər.
Peskovun avropalıların amerikalılara da lazım olmaya biləcəyini söyləməsi ayrıca diqqət çəkir. Rusiya burada ABŞ-ın adından danışmağa, Moskva ilə Vaşinqton arasında məqsəd yaxınlığı təsəvvürü yaratmağa çalışır: guya hər iki paytaxt sülh istəyir, Avropa isə mane olur. Kremlin ABŞ-ın maraqları barədə verdiyi qiymət Vaşinqtonun təsdiqlənmiş mövqeyi sayılmasa da bütövlükdə Avropa barədə Trampın müxtəlif və ziddiyyətli açıqlamalarını da nəzərdən qaçırmaq olmaz.
Üstəlik, Avropaya ünvanlanan “müharibəni uzatmaq” ittihamı siyasi mübahisənin tərəflərindən birinin izahıdır. Ukraynaya siyasi və hərbi dəstəyin danışıqları çətinləşdirdiyini iddia etmək mümkün hesab oluna bilər. Eyni zamanda, həmin dəstəyin Kiyevin təzyiq altında əlverişsiz şərtləri qəbul etməsinin qarşısını alması da arqument kimi nəzərdə saxlanılmalıdır”.
Q.Əlibəyli onu da qeyd etdi ki, nəzəri olaraq Rusiya ilə Ukraynanın atəşkəs və hətta hərbi əməliyyatların tamamilə dayandırılması, humanitar tədbirlər, əsirlərin mübadiləsi kimi məsələlərin Avropanın iştirakı olmadan daha məhdud formatlarda müzakirəsi, ABŞ-ın bu prosesdə vasitəçi və ya təminatçı rolunu oynaması tamamilə mümkün ola bilər: “Lakin atəşkəsdən və ya müharibədən sonrakı təhlükəsizlik sistemi, sanksiyaların gələcəyi və Ukraynanın bərpası məsələlərində Avropanı kənarda qoymaq həddindən artıq şərtin, praktiki olaraq qeyri-mümkün görünür. Burada onun iştirakı diplomatik nüfuz məsələsi olmaqdan çıxaraq əldə olunan razılaşmanın dayanıqlı və etibarlı olmasına təsir edən əsas amilə çevrilir. Avropanı sülh prosesindin tamamilə kənarda qoymaq praktiki cəhətdən ilk növbədə təhlükəsizlik mülahizələri ilə çətin görünür. Avropa ənənəvi olaraq Rusiyanı öz təhlükəsizliyinə təhdid, Rusiyanın Ukraynaya hücumunu və ərazisinin bir hissəsini işğal etməsini bu təhdidin praktiki təzahürü hesab edir. Rusiya Ukrayna müharibəsinin hansı sülhlə başa çatması istər-istəməz Avropanın təhlükəsizlik maraqlarına toxunur. Aİ öz səlahiyyətlərinə və təhlükəsizliyinə aid məsələlər barədə özü qərar verəcəyini bildirir, Ukraynaya etibarlı təhlükəsizlik təminatlarına töhfə verməyə hazır olduğunu bəyan edir. Burada sadəcə danışıqlara dəvət tələbi deyil, gələcək öhdəliklərin kim tərəfindən qəbul ediləcəyi məsələsi var. Əgər sülh sazişi Avropa dövlətlərinin Ukraynanı silahlandırması, hərbi hazırlıq keçməsi, maliyyələşdirməsini və ya başqa formada təminat məsələlərini nəzərdə tutacaqsa, bu öhdəliklərin həcmini həmin dövlətlər özü müəyyənləşdirməlidir. Avropanı sülh prosesindin tamamilə kənarda qoymaq praktiki cəhətdən çətinliyi həm də Rusiyaya münasibətdə tətbiq edilən sanksiyalardır. ABŞ öz sanksiyalarını ləğv edə bilər, lakin Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar barədə qərar qəbul və onun tətbiq etdiyi sanksiyaları onun adından ləğv edə bilməz.
Ukraynanın bərpası da oxşar problem yaradır. Müharibənin dayandırılması böyük maliyyə ehtiyaclarını aradan qaldırmayacaq. İnfrastrukturun yenidən qurulması, investisiyaların sığortalanması və dövlətin uzunmüddətli dayanıqlığının təmin edilməsi illərlə davam edən qərarlar tələb edəcək. Avropadan geniş maliyyə iştirakı gözlənilirsə, onu razılaşmanın hazırlanmasından tam uzaqlaşdırmaq icra mərhələsində narazılıq və gecikmələr yarada bilər. Ümumiyyətlə, Avropanın sülh prosesindən tamamilə kənarlaşdırılması Rusiya ilə Ukrayna arasında yaradılması nəzərdə tutulan sülhün ədalətli olmamasına, Ukraynanın daha da zəifləməsinə, Rusiyanın isə hərbi və geosiyasi iştahasının daha da artmasına gətirib çıxara bilər. Başqa sözlə, Avropasız danışıqlar və müəyyən atəşkəs razılaşması mümkün hesab olunsa da, Avropanın təhlükəsizliyinə, səlahiyyətlərinə və resurslarına söykənən geniş sülhü onun razılığı olmadan həyata keçirmək praktiki olaraq qeyri mümkün görünür. Bu baxımdan sülh prosesində hərbi və texniki məsələlərin üçtərəfli formatda müzakirə olunması, təhlükəsizlik təminatları və iqtisadi tədbirlərin isə yalnız aidiyyəti tərəflərin, xüsusən də Avropa İttifaqının iştirakı ilə aparılması danışıqlar üçün daha uğurlu variant hesab oluna bilər. Bu zaman nəzərə alınmalıdır ki, bir masada digərlərinin iştirakı olmadan onların maraqlarına toxuna bilən və icrası mümkün olmayan öhdəliklər qəbul edilməsin. Ukrayna prezidenti Zelenski də üçtərəfli görüş imkanından imtina etməyəcəyini bildirərkən Avropanın təhlükəsizlik təminatları və bərpa prosesinə cəlb olunmasının vacibliyini vurğulayıb. Bununla da, Ukrayna üçün danışıqlar kanalını açıq saxlamaqla tərəfdaşlarının gələcək rolunu qorumaq istədiyini bir daha vurğulayıb.
Nəhayət, ədalətli və davamlı sülhün əsas şərti Ukraynanın özünün məcburiyyətsiz qəbul etdiyi və yerinə yetirə bildiyi razılaşmadır. Eyni zamanda, ABŞ-la Rusiyanın yaxınlaşması da Kiyevin razılığını və təhlükəsizlik ehtiyaclarını ikinci plana keçirə bilməz. Danışıqlarda Avropanın iştirakı bunu əvəz etməsə də, Ukrayna üçün mühüm siyasi dəstəkdir”.
Vidadi ORDAHALLI