Turizm müasir dövrdə iqtisadiyyatın şaxələndirilməsinin, yeni iş yerlərinin yaradılmasının və regionların sosial-iqtisadi inkişafının mühüm vasitələrindən biridir. Azərbaycan zəngin tarixi-mədəni irsi, Xəzər dənizi sahilləri, dağlıq əraziləri, mineral su ehtiyatları, milli mətbəxi və müxtəlif iqlim şəraiti ilə turizmin fərqli növlərinin inkişafı üçün əlverişli imkanlara malikdir. Bu potensialdan səmərəli istifadə etmək üçün yalnız paytaxt Bakıda deyil, ölkənin bütün iqtisadi rayonlarında müasir nəqliyyat, yerləşmə, iaşə, istirahət və əyləncə infrastrukturu yaradılır.
Ölkə regionlarına üz tutan turistlərin sayı artır
Qeyd edək ki, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib. Söhbət zamanı Azərbaycanla Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub, ölkədə turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açılıb, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulanıb. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əminamanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulanıb.
Qeyd edək ki, 2026-cı ilin ilk 9 ayında Azərbaycana 1 milyon 831,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Daxili turizm isə daha sürətlə inkişaf edir və burada əsas baş çəkilən məkan məhz regionlardır. Bunu konkret nümunələr qismində də görmək mümkündür. Məsələn, bu ilin yanvar-sentyabr aylarında alban məbədi olan "Kiş" Tarix-Memarlıq Qoruğunu ümumilikdə 40 278 turist bilet alaraq ziyarət edib. Qoruğun bələdçisi Gülnaz Rəsulova bildirib ki, onlardan 21 615-i yerli (53,66 %), 18 663-ü xarici (46,34 %) turistdir: "9 066 nəfər isə məbədi ödənişsiz ziyarət edib. Bura dünyanın bütün yerindən turistlər gəlir. Bu il hindlilər, koreyalılar, çinlilər, israillilər çox idi. Yayda isə almaniyalı, amerikalı qruplarımız da olub. Buraya Türkiyədən olan bəzi turistlər də qrup şəklində baş çəkib. Bundan başqa, turistlər Alban məbədinə dünyanın bir çox yerindən ailə üzvləri ilə də qonaq gəliblər". G.Rəsulova qeyd edib ki, bu məbəd Şəkinin iqtisadiyyatına müsbət təsir göstərir: "Abidəyə görə bura gələn insanlar istər-istəməz mağazalardan, kənd məhsullarından, kənd ərazisində yerləşən restoranlardan, qonaq evlərindən istifadə edirlər. Bu da insanlarda hətta bir ehtiyac yaradır ki, qonaq evləri tiksinlər, bu işlə məşğul olsunlar. Yəni bura muzeyləşdiriləndən sonra kənd turizminə də təsir göstərməyə başlayıb". O əlavə edib ki, kənd ərazisində istehsal ilə məşğul olan insanlar məhsullarını yerli restorana, qonaq evlərinə də verə bilər: "Burada iqtisadi artım çox olub. Yolların da bərpa olunması bir növ qonaqların səfərinin sayını yüksəldib. Qoruğa gələn turistlərin sayında digər illərə nisbətən artım qeydə alınıb". Son illərdə Azərbaycanda dağ-xizək mərkəzlərinin, hotellərin, müalicə-sağlamlıq komplekslərinin, tarixi abidələrin və istirahət zonalarının inkişafı turizm sektorunun genişlənməsinə şərait yaradıb. Bakı Azərbaycanın əsas beynəlxalq turizm mərkəzidir. Müasir hotellər, restoranlar, konqres mərkəzləri, muzeylər, İçərişəhər, Dənizkənarı Milli Park və digər turizm obyektləri paytaxtın imkanlarını genişləndirir. Bu fakt paytaxtın turizm bazarında üstün mövqeyini göstərməklə yanaşı, digər regionlarda da beynəlxalq turistləri cəlb edən xidmətlərin inkişaf etdirilməsinin vacibliyini ortaya qoyur. Abşeron-Xızı iqtisadi rayonunda Sumqayıtın sahil zonaları, Abşeron yarımadasının çimərlikləri, tarixi məkanları və Xızının dağlıq əraziləri turizm üçün imkanlar yaradır. Quba-Xaçmaz iqtisadi rayonu Azərbaycanın ənənəvi turizm istiqamətlərindən biridir. Quba, Qusar, Xaçmaz və Şabran rayonları dağ, meşə, çimərlik və kənd turizmi imkanları ilə seçilir. Qusardakı Şahdağ Turizm Mərkəzi müasir dağ-xizək turizminin əsas nümunələrindəndir. Burada kanat yolları, xizək trasları, hotellər və istirahət xidmətləri turistlərə ilboyu müxtəlif fəaliyyətlərdən yararlanmaq imkanı verir. Dağlıq-Şirvan iqtisadi rayonunda Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu və Qobustan müxtəlif turizm məhsullarının inkişafı üçün əlverişlidir. Qəbələdə Tufandağ Dağ-Xizək Yay-Qış Turizm Kompleksi, kanat yolları və hotellər dağ turizminin inkişafına xidmət edir. Şamaxıda rəsədxana, tarixi abidələr və kənd turizmi obyektləri, İsmayıllıda isə meşələr, dağ kəndləri və təbiət marşrutları turistlər üçün cəlbedici imkanlar yaradır. Qobustan qayaüstü təsvirləri mədəni və arxeoloji turizmin əhəmiyyətli nümunəsidir. Şəki-Zaqatala iqtisadi rayonu tarixi memarlıq, milli sənətkarlıq, dağ mənzərələri və qastronomik turizm baxımından əhəmiyyətlidir. Şəki Xan Sarayı, tarixi karvansaralar, sənətkarlıq emalatxanaları və ənənəvi şirniyyat istehsalı şəhərin turizm məhsullarını formalaşdırır. Qax, Zaqatala, Balakən və Oğuz rayonlarında dağ kəndləri, meşələr, şəlalələr və kənd təsərrüfatı ənənələri ekoturizm və kənd turizmi üçün imkanlar yaradır. Gəncə-Daşkəsən iqtisadi rayonunda Gəncə şəhərinin tarixi-mədəni obyektləri, Göygöl Milli Parkı, Göygöl və Daşkəsənin dağlıq əraziləri, Naftalanın müalicə turizmi xüsusi əhəmiyyət daşıyır. Naftalanda neftlə müalicə ənənəsi əsasında formalaşmış sanatoriya və sağlamlıq kompleksləri ölkənin fərqləndirici turizm məhsullarındandır. Qazax-Tovuz iqtisadi rayonunda Gədəbəyin dağ mənzərələri, Qazaxın tarixi-mədəni irsi, Tovuzun üzümçülük ənənələri və Şəmkirin tarixi məkanları turizmin inkişafına şərait yaradır. Burada kənd turizmi, ekoloji marşrutlar, yerli məhsulların təqdimatı və şərabçılıq turizmi üçün imkanlar mövcuddur.
Nailiyyətlər var, amma görüləsi işlər də çoxdur
Hesab olunur ki, regionların potensialından istifadə imkanları daha da genişlənməlidir. Milli Məclisin deputatı Tahir Mirkişili Azərbaycanın hər bir bölgəsinin özünəməxsus potensialından istifadə edərək öz inkişaf modelinin formalaşdırılmasını təklif edir. Parlamentin Regional məsələlər komitəsinin keçirdiyi "Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar" mövzusunda konfransda çıxış edən deputat hər bir iqtisadi rayonun özünəməxsus üstünlüyü olduğunu qeyd edib: "Bir bölgədə kənd təsərrüfatı və emal sənayesi, digərində turizm, logistika, sənaye istehsalı və ya alternativ enerji daha böyük potensiala malikdir. Regional siyasətin bu fərqləri nəzərə alması, hər bir bölgənin öz iqtisadi inkişaf modelinin formalaşdırılması bu potensilalın real iqtisadi artıma çevrilməsinə mühüm imkan yaradacaq". Tahir Mirkişili hesab edir ki, növbəti mərhələdə hər bir iqtisadi rayon üzrə investisiya imkanlarının, rəqabət üstünlüklərinin və yeni məşğulluq mənbələrinin sistemli şəkildə müəyyənləşdirilməsi daha səmərəli ola bilər.
Bunlar fonunda qeyd edək ki, Lənkəran, Astara, Masallı və Lerikdə ekoturizm, sağlamlıq turizmi, kənd turizmi və qastronomik marşrutlar inkişaf etdirilə bilər. Mərkəzi Aran iqtisadi rayonunda Mingəçevir su anbarı, Kür çayı, Yevlax və Göyçayın yerli mədəniyyəti su turizmi, balıqçılıq, istirahət və kənd turizmi üçün imkanlar yaradır. Mingəçevirdə su idmanı, sahilyanı istirahət və ailəvi əyləncə obyektlərinin inkişafı regiona səfərləri stimullaşdıra bilər. Göyçayda narçılıq ənənələri əsasında təşkil edilən tədbirlər və yerli məhsulların təqdimatı qastronomik turizmin genişlənməsinə xidmət edə bilər. Şirvan-Salyan iqtisadi rayonunda Şirvan Milli Parkı, Salyan və Neftçalanın təbii əraziləri, Xəzər sahili və balıqçılıq ənənələri ekoturizm və müşahidə turizmi üçün imkanlar yaradır. Şirvan Milli Parkında ceyranların və digər vəhşi heyvanların müşahidəsi təbiətsevərlər üçün maraqlı turizm məhsuludur. Bunun üçün ekoloji cəhətdən təhlükəsiz marşrutların, müşahidə məntəqələrinin və məlumat mərkəzlərinin yaradılması məqsədəuyğundur. Qarabağ iqtisadi rayonunda Şuşanın tarixi-mədəni irsi, Ağdamın yenidən qurulması, Xankəndi və digər ərazilərdə infrastrukturun inkişafı turizm üçün yeni imkanlar formalaşdırır. Şuşada tarixi abidələrin bərpası, hotellərin və mədəni tədbirlərin təşkili şəhərin mədəni turizm mərkəzi kimi inkişafına xidmət edir. Suqovuşanda 2023-cü ildə istifadəyə verilmiş 7,5 hektarlıq istirahət parkında gəzinti yolları, uşaq meydançası, kafe və turist məlumat mərkəzi kimi obyektlərin yaradılması istirahət infrastrukturunun konkret nümunəsidir. Şərqi Zəngəzur iqtisadi rayonunda Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı və Cəbrayılın turizm potensialı böyükdür. Füzuli Beynəlxalq Hava Limanının 2021-ci ildə, Zəngilan Beynəlxalq Hava Limanının 2022-ci ildə, Laçın Beynəlxalq Hava Limanının isə 2025-ci ildə istifadəyə verilməsi azad edilmiş ərazilərə nəqliyyat əlçatanlığının artırılması baxımından mühüm addımlardır. Yeni yollar və yerləşmə obyektləri regionda turizm marşrutlarının qurulmasına imkan yaradır. Kəlbəcərdə İstisu mineral suları və dağ mənzərələri, Laçında meşələr və dağlıq ərazilər, Zəngilanda isə təbii landşaftlar ekoturizm, sağlamlıq və aktiv istirahət üçün imkanlar yaradır. Bu ərazilərdə turizmin inkişafı təhlükəsizliyin təmin edilməsi, ərazilərin minalardan təmizlənməsi və ekoloji tələblərə riayət olunması ilə paralel aparılmalıdır. Müasir turizm infrastrukturu regionlarda yeni iş yerlərinin açılmasına, kiçik və orta sahibkarlığın inkişafına, yerli məhsullara tələbatın artmasına və xidmət sektorunun genişlənməsinə səbəb olur. Azərbaycanın bütün iqtisadi rayonlarında müasir turizm infrastrukturunun yaradılması yalnız turistlərin sayının artırılması deyil, həm də iqtisadi inkişafın regionlar üzrə daha balanslı bölüşdürülməsi baxımından vacibdir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunur.