Ukrayna Prezidenti ilk dəfə olaraq gələcək sülh razılaşmasının bir hissəsi olaraq təkcə Ukraynaya deyil, həm də Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsinin mümkünlüyünü qəbul edib. Zelenski Kiyevdə jurnalistlərə bildirib ki, Qərb ölkələri sonda Moskvanın bu cür zəmanətlər tələblərini müzakirə edə bilərlər. Lakin o, vurğulayıb ki, bu, ilk növbədə Ukrayna üçün edilməlidir.
Zelenskinin açıqlaması Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Əbu-Dabidə danışıqların bərpasına hazırlıqlar fonunda verilib.
"Financial Times" bunu Kiyevin mövqeyində əhəmiyyətli bir dəyişiklik adlandırır. İndiyə qədər Kiyev və Qərb müttəfiqləri Rusiyanın NATO-dan qorunma tələblərini rədd ediblər. Çünki bu cür tələblərin yerinə yetirilməsi Avropanın təhlükəsizlik arxitekturasının köklü şəkildə yenidən qurulması deməkdir. Digər tərəfdən Avropa bu tələbləri Moskvanın təsir dairəsini bərpa etmək və qonşu ölkələrin suverenliyini sarsıtmaq cəhdi kimi qiymətləndirir.
"Əvvəlcə bu müharibə məsələsini həll etməliyik və yalnız bundan sonra Rusiyanın təhlükəsizliklə bağlı baxışları və gözləntiləri əsasında qaldırdığı suallara cavab axtarmalıyıq", - deyə Zelenski bildirib.
O, Avropanın müharibədən sonrakı nizamlanma ilə bağlı müzakirələrdə mütləq iştirak etməli olduğunu vurğulayıb: "Biz ABŞ-ın vasitəçiliyi ilə ruslarla konseptual məsələləri müzakirə edə bilərik. Lakin təhlükəsizlik zəmanətləri formatına keçsək və onların Avropanın iştirakını tələb etdiyinə qərar verilsə, Avropa bu müzakirələrin bir hissəsi olmalıdır".
Noyabrın əvvəlində Əbu-Dabidə keçiriləcək görüşə gəldikdə isə Zelenski bildirib ki, bunlar enerji və dəniz atəşkəsi də daxil olmaqla mümkün gərginliyin azaldılması tədbirləri ilə bağlı texniki danışıqlar, eləcə də Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin müzakirəsi ilə bağlı olacaq.
Kreml NATO-nu 1997-ci il sərhədlərinə geri çəkmək və ya heç olmasa Rusiya ilə həmsərhəd olan Latviya, Litva, Polşa, Finlandiya və Estoniyadan qoşunlarını və silahlarını geri çəkmək kimi uzun müddətdir davam edən niyyətini gizlətmir. "The Telegraph" qəzeti Qərb diplomatik nümayəndəliklərindəki mənbələrə istinadən yazır ki, Putin Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqları NATO-nu şərqə doğru genişlənməsindən imtina etməyə və hətta bu prosesi geri çevirməyə məcbur etmək üçün bir fürsət kimi görür. Moskva işğaldan əvvəl də oxşar tələblər irəli sürüb. Ancaq Qərb ölkələri bu məsələdə Rusiya tərəfinə qətiyyən güzəştə getmək istəmirlər.
Tahir TAĞIYEV