Sabir Şahtaxtı: “Türkiyənin keçmiş müdafiə naziri Hulusu Akarın darbeçilər tərəfindən girov götürüldüynə...”
Faiq Ələkbərli: “15 İyul hadisələri ilə bağlı həqiqətlərin tam üzə çıxarılması üçün...”
CHP-çi millət vəkili Gökhan Günaydın 15 iyul (15 temmuz) çevriliş cəhdi ilə bağlı çıxışlarında darbenin siyasi ayağının araşdırılmadığını və heç bir siyasətçinin məsuliyyətə cəlb olunmadığını tənqid edir. O, Anadolu-da hər hansı şəxslərin FETÖ-cü kimi üzə çıxarıldığı halda heç bir millət vəkili və ya nazirin adının çəkilmədiyini vurğulayaraq siyasi tərəfin üzə çıxarılmadığını bildirir.
Gökhan Günaydın Böyük Millət Məclisindəki çıxışında bildirib: “15 iyul hadisəsi ilə bağlı bu səma altında və bu parlamentin atmosferində deyilməmiş heç nə qalmayıb. Niyə o vaxtkı Baş Qərargah rəisi Hulusi Akar və o vaxtkı Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan ifadə vermək üçün 15 iyul istintaq komissiyasına çağırılmayıb? Bu günə qədər hakim partiyadan bu barədə bir şey eşitdikmi?
Bəli, gözəl çıxışlar edirsiniz. Həmin çıxışlarda Hulusi Akar və Hakan Fidanı dəvət edə bilmədiyinizi də niyə qeyd etmirsiniz? Gəlin bir şey öyrənək və anlayaq. İkinci, çox vacib bir sual: Həmin komissiya üçün FETÖ üzvü olmayan bir sədr tapa bilmədinizmi? 15 iyul çevriliş cəhdini araşdırmaq üçün bir komissiya yaradırsınız. Komissiyanın sədri FETÖ üzvüdür, dostum. Sonra da deyirsiniz ki, 15 iyul və çevrilişə qarşı mübarizə aparırsınız. Bir şey də var. 10 il keçib. Həmin komissiya hesabat hazırlayıb. Həmin komissiyanın yaxşı və ya pis hesabatı var. Həmin hesabatı dərc edə bilmədiyiniz üçün utanmırsınız? 10 il keçib, ölkənin demokratiyasına və gələcəyinə böyük zərbə vurulub. Parlament hesabat işləyib hazırlayıb.
Həmin hesabatı gizlədirsiniz, elə deyilmi? Cumhuriyyət Xalq Partiyasının istintaq üçün 4 ayrı təklifi var. Biz bunu hər il təkrarlayırıq, amma siz bu yerdən sükutla keçirsiniz. Bu, hər qrupun edə biləcəyi bir şey deyil. Vurğulamaq istəyirəm ki, sizin bölmənizdəki narıncı oturacaqlar qan çəkir. Ən vacib sual isə: Çevrilişin siyasi ayağı kimdir? Bir çox əcnəbi iştirak edib. ByLock-çu nazirlər, “ByLok”çu millət vəkilləri, altını cızaraq soruşuram: Anadoluda suvaqçı və rəngsaz FETÖ-çu çıxdı, heç millət vəkili və ya nazirlər yoxdurmu? Bunun siyasi qolu yoxdurmu? Bir dənəsini belə ortaya çıxara bildinizmi? Demək ki, bunları etmədən gerçək bir 15 iyulla qarşılaşmanın müzakirə mövzusu olmayacağını ifadə edək. Bir daha o hesabatı açıqlamaq cəsarətiniz olsun və bunu ictimaiyyətlə bölüşək”-deyə Günaydın vurğulayıb.
Ekspertlərə görə, başda Cümhuriyyət Xalq Partiyası (CHP) olmaqla, müxalifət partiyaları təşkilatın gizli xəbərləşmə proqramı olan "ByLock"dan istifadə edən nazirlərin və millət vəkillərinin olduğunu, lakin bu şəxslərin siyasi toxunulmazlıq və ya iqtidar tərəfindən qorunduqları üçün üzə çıxarılmadığını deyirlər.
Müxalifət liderləri tez-tez çevriliş cəhdinin hərbi, bürokratik və media qollarının cəzalandırıldığını, lakin prosesin əsl idarəedici və dəstəkçi gücü olan "siyasi ayağın" qəsdən araşdırılmadığını irəli sürürlər.
Siyasi analitiklərin sözlərinə görə, "ByLock"çu nazir və millət vəkillərinin adları ilə bağlı rəsmi orqanlar tərəfindən təsdiqlənmiş və ictimaiyyətə açıqlanmış konkret bir siyahı mövcud deyil. Bu mövzu Türkiyə siyasətində tərəflərin bir-birini ittiham etmək üçün istifadə etdiyi ən həssas və qapalı nöqtələrdən biri olaraq qalmaqdadır.
G.Günaydının bəyanatına şərh verən siyasi analitik, yazıçı-publisist Sabir Şahtaxtı baki-xeber.com-a bildirdi ki, on il ötdükdən sonra kimin istintaqa izahat verib, kimin izahat verməməsinin indi ortaya atılması suallar doğurur. “Məsuliyyətlə deyə bilərəm ki, bu cür açıqlamalar son dövrlər Azərbaycan və Türkiyə münasibətlərini pozmaq üçün başda sosial şəbəkələr olmaqla Türkiyə mediası, ictimai vasitələr üzərindən aparılan qarayaxmanın da bir davamıdır. Çünki FETÖ-nün darbesi başda Rəcəb Taib Ərdoğan olmaqla Türkiyə hökumətinə və Parlamentinə qarşı olub. FETÖ darbeçilərinin ələ keçirdikləri qırıcılar Türkiyə Parlamentini bombalayıb. Ora gedib o bombalama nəticəsində baş verən dağıntılarla yerindəcə tanış olmuşam. Yəni orada o bomaların sağa, sola vurulması Parlament binasının yerlə yeksan olunmasına da səbəb ola bilərdi.
Türkiyənin keçmiş müdafiə naziri Hulusu Akarın darbeçilər tərəfindən girov götürüldüynə və onun boğazında edam kəndirinin izinin qalmasına dair görüntülər də yayılıb”.
O, hesab edir ki, darbeni edən nazirlər, hökumət nümayəndələri, millət vəkilləri deyildi ki, onlar həbs olunsunlar, darbeni edən hərbiçilər idilər, onların arasında da kifayət qədər həbs edilib cəzalandırılanlar var. “Bundan başqa qeyd etməliyəm ki, FETÖ-yə qədər Türkiyə hökuməti orada Abdulla Gülən hərəkatına qarşı mübarizə aparırdı. Amma FETÖ-yə qədər bu mübarizənin adı paralel idarəçiliyin yolverilməzliyi idi. Belə bir mübarizə aparırdılar. “Nə üçün millət vəkilləri, nazirlər həbs olunmayıb”-bunu məntiqli bir yanaşa kimi görmürəm. Amma istintaq işi ilə tanış olmadığım üçün kimin izahat verib, kimin vermədiyini deyə bilmərəm”-deyə müsahibimiz vurğuladı.
Siyasi ekspert Faiq Ələkbərli isə baki-xeber.com-a bildirdi ki, CHP-çi millət vəkilinin səsləndirdiyi fikirlərdə həqiqət payı var. “Məncə, bu suallar əsaslıdır və mütləq araşdırılmalıdır. 15 İyul hadisələri Türkiyənin yaxın tarixində baş vermiş ən ciddi hadisələrdən biridir. Belə bir hadisənin bütün təfərrüatları obyektiv şəkildə araşdırılmalı, cəmiyyətin cavab gözlədiyi suallar açıq qalmalı deyil.
Həmin dövrdə dövlət və təhlükəsizlik strukturlarında yüksək vəzifələr tutmuş şəxslərin də fəaliyyəti zərurət yarandığı təqdirdə araşdırılmalı, onların hadisələrlə bağlı məlumatları və mövqeləri öyrənilməlidir. Söhbət konkret şəxsləri əvvəlcədən ittiham etməkdən deyil, hadisələrin bütün tərəflərini aydınlaşdırmaqdan gedir.
Təəssüf ki, belə məsələlərdə diqqətin əsasən aşağı vəzifəli, üçüncü-dördüncü dərəcəli şəxslər üzərində cəmlənməsi, daha yüksək vəzifələrdə olmuş şəxslərin isə mümkün məsuliyyətinin araşdırılmaması cəmiyyətdə suallar yaradır. Dövlət vəzifəsi daşımaq heç kimə toxunulmazlıq qazandırmamalıdır. Əgər FETÖ ilə əlaqələr araşdırılırsa, bu araşdırmaların əhatəsi və meyarları hamı üçün eyni olmalıdır”.
F.Ələkbərli qeyd etdi ki, o özü bu məsələ ətrafında ətraflı araşdırma aparmayıb, amma CHP-çi millət vəkili faktlar əsasında fikirlər irəli sürürsə bu məsələyə aydınlıq gətirilməlidir. “Bu məqam da ciddi suallar doğurur. Mən həmin araşdırmaların bütün sənədləri ilə tanış deyiləm və səsləndirilən iddiaların hər birini təsdiqləyə bilmərəm. Ancaq əgər hesabatların açıqlanmaması və müəyyən şəxslərin fəaliyyətinin lazımi səviyyədə araşdırılmaması ilə bağlı deyilənlər doğrudursa, bu, cəmiyyətdə şübhə və narahatlıq yaratmaya bilməz.
Dövlətin vəzifəsi yalnız ayrı-ayrı şəxsləri məsuliyyətə cəlb etmək deyil, həm də baş vermiş hadisənin bütün səbəblərini üzə çıxarmaqdır. Xüsusilə belə ağır hadisələrdə şəffaflıq və hesabatlılıq böyük əhəmiyyət daşıyır. Araşdırmaların nəticələri barədə ictimaiyyətə əsaslandırılmış məlumat verilməli, cavabsız suallar mümkün qədər aydınlaşdırılmalıdır.
Əks halda, insanlar istər-istəməz belə bir sual verəcəklər: Əgər həqiqətən hər şeyin üzə çıxarılması məqsədi güdülürsə, niyə bütün mümkün əlaqələr və məsuliyyət məsələləri eyni prinsip əsasında araşdırılmır?
Mən hesab edirəm ki, 15 İyul hadisələri ilə bağlı həqiqətlərin tam üzə çıxarılması üçün siyasi mövqeyindən və tutduğu vəzifədən asılı olmayaraq, bütün şəxslərə münasibətdə qanunun aliliyi təmin edilməlidir. Cəmiyyətin etimadını qazanmağın yolu da məhz obyektiv istintaqdan, şəffaflıqdan və hesabatlılıqdan keçir”-deyə F.Ələkbərli vurğuladı.
İradə SARIYEVA