Türkiyədə 2016-cı il iyulun 15-də baş vermiş çevriliş cəhdi ilə bağlı hadisələrin bütün təfərrüatlarının araşdırılması, həmin gecə baş verənlərin siyasi və hüquqi tərəflərinin aydınlaşdırılması məsələsi yenidən gündəmə gətirilə bilər. Hadisədən təxminən 10 ildən çox vaxt keçməsinə baxmayaraq, parlamentdə yaradılmış araşdırma komissiyasının hesabatının ictimaiyyətə açıqlanmaması şəffaflıqla bağlı suallar doğurur. Həmin gecə və sonrakı proseslər zamanı ölənlərin, yaralananların, həbs edilənlərin və müxtəlif şəraitlərdə həyatını itirən şəxslərin taleyi ilə bağlı məlumatların tam və sistemli şəkildə ictimaiyyətə təqdim edilməsi vacibdir.
Türkiyədə 15 iyul hadisələrini araşdıran parlament komissiyasının hesabatı niyə bugünə qədər ictimaiyyətə açıqlanmayıb? Hadisədən 10 ilildən çox vaxt keçməsinə baxmayaraq, ölənlərin, o cümlədən sonrakı dövrdə həbsxanalarda və digər şəraitlərdə həyatını itirən şəxslərin sayı və ölüm səbəbləri barədə tam məlumatların təqdim edilməməsi hakimiyyətin məsuliyyəti və siyasi şəffaflıq baxımından hansı sualları yaradır? Hesabatın açıqlanması hadisənin həqiqi mahiyyətinin müəyyənləşdirilməsinə və cəmiyyətdəki şübhələrin aradan qaldırılmasına nə dərəcədə kömək edə bilər?
Əli Orucov: "Türkiyədə dövlət çevrilişinə cəhdin arxasında Vaşinqtonun dayanması məlum faktdır"
Politoloq Əli Orucov məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, 2016-cı il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdin arxasında ABŞ dayanıb. Onun sözlərinə görə, məqsəd güclənən və Vaşinqtonun nəzarətindən çıxan Türkiyəni yenidən özündən asılı vəziyyətə salmaq, eləcə də prezident Rəcəb TayyibƏrdoğanı hakimiyyətdən devirmək olub.
Politoloq qeyd edib ki, həmin planın ön sıralarındakı fiqurlarından biri Pensilvaniyada məskunlaşmış Fətullah Gülən idi. Onun fikrincə, türk xalqının iradəsi, sayıqlığı, dövlətçilik ənənələri və Ərdoğanın qətiyyəti nəticəsində dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Hadisələr zamanı yüzlərlə insan həlak olub və yaralanıb, lakin xalq dövlətini və dövlətçiliyini qoruyub.
Əli Orucovun sözlərinə görə, çevriliş cəhdində iştirak edənlərin bir qismi ölkədən qaçaraq gizlənsə də, onların böyük əksəriyyəti cinayət əməllərinə görə məsuliyyətə cəlb olunub. Ankaranın dəfələrlə müraciət etməsinə baxmayaraq, ABŞ Fətullah Güləni Türkiyəyə təhvil verməkdən imtina edib.
Politoloq FETÖ-nü Türkiyənin tarixində ciddi təhlükə yaradan təşkilatlardan biri kimi xarakterizə edərək bildirib ki, bu şəbəkə məqsədlərinə çatmaq üçün uzun illər ərzində hazırlıq işləri aparıb, planlar qurub, təhsil və təbliğat fəaliyyətindən istifadə edib. Onun fikrincə, təşkilatın fəaliyyəti təsadüfi deyil, uzunmüddətli və sistemli hazırlığa əsaslanıb.
Əli Orucov hesab edir ki, 2016-cı il hadisələri araşdırılsa və çoxsaylı şəxslər məsuliyyətə cəlb olunsalar da, şəbəkənin bütün üzvlərinin zərərsizləşdirildiyini düşünmək düzgün olmaz. O, təşkilatın bəzi üzvlərinin fəaliyyət formalarını və kimliklərini dəyişərək pozuculuq fəaliyyəti ilə məşğul olmağa davam edə biləcəyini bildirib. Politoloqun qənaətinə görə, son dövrlərdə belə qrupların fəallaşması müşahidə olunur.
"15 iyul hadisələrini araşdıran parlament komissiyasının hesabatının ictimaiyyətə açıqlanmaması siyasi şəffaflıq və hakimiyyətin hesabatlılığı ilə bağlı suallar yaradır. Hadisələr zamanı və sonrakı dövrdə həyatını itirən şəxslərin sayı, ölüm səbəbləri və məsul şəxslər barədə məlumatların tam və əsaslandırılmış şəkildə təqdim olunması vacibdir. Hesabatın açıqlanması iddiaların faktlardan ayrılmasına, mümkün ziddiyyətlərin aydınlaşdırılmasına və cəmiyyətdəki şübhələrin azalmasına kömək edə bilər. Bununla belə, hesabatın açıqlanmamasının səbəbləri barədə rəsmi əsaslandırma olmadan konkret nəticəyə gəlmək düzgün deyil',- deyə politoloq fikrini yekunlaşdırıb.
Dəniz NƏSİRLİ