ABŞ-ın SpaceX şirkətinə məxsus “Starlink” peyklərinin hərbi versiyası olan “Starshield” terminallarından Ukraynanın istifadə imkanları hələ də məhdud həddədir. Nəticədə Ukrayna dron zərbələrindən səmərəli şəkildə istifadə edə bilmir. Daha bir problem mövcud vəziyyətin Rusiyanın raket və dron zərbələri qarşısında Ukraynanın müdafiəsində yaratdığı boşluqlardır. ABŞ və Ukrayna rəhbərliyi arasında dərinləşən fikir ayrılırları fonunda Kiyevin “Starshield” terminallarından əvvəlki qaydada istifadə edə biləcəyi ehtimalı da azalır. Bu fonda daha böyük bir təhlükə isə Rusiyanın “Starlink”in analoqu olan “Rassvet” peyk şəbəkəsini sürətlə kosmosa yerləşdirməsidir. Nəticədə Rusiya Ukrayna istiqamətində buraxdığı dron və raketləri real vaxt rejimində idarə edə biləcək. Bununla həmin raket və dronları hədəfə çatmazdan öncə zərərsizləşdirmək xeyli çətin olacaq, həm də Ukrayna daha böyük dağıntılarla üzləşəcək. Elə o səbəbdəndir ki, “Rassvet” Rusiyanın hazırda Ukraynaya qarşı yaratdığı bütün texnoloji çətinliklər arasında bir nömrəli təhlükə hesab olunur. Özü də təkcə Ukrayna yox, ona hərtərəfli dəstək verən Avropa üçün də bu təhlükə keçərlidir.
“SpaceX” şirkətinin “Starlink” sistemi Ukraynadakı hərbi təcavüzün dəf edilməsində mühüm rol oynayır. Amma bu sistemdən istifadədə yaranan son məhdudiyyətlər Ukraynanın hücum və müdafiə imkanlarına ciddi təsir edib, onu zəif duruma salıb. Əvvəllər ruslar da “Starlink” sistemindən icazəsiz istifadə ediblər, lakin bunun qarşısı alınıb. Elə bu kontekstdə Rusiya “Starlink”ə oxşar bir sistem olan “Rassvet” peyk rabitə sistemini yaratmaq qərarına gəlib və artıq müəyyən nəticələrə də imza atıb. “Rassvet” aşağı orbitli peyk rabitə sistemidir. Rusiya ordusunun “Starlink” terminallarına çıxışı itirməsindən sonra ona diqqət kəskin şəkildə artıb. “Rassvet” peyklərinin ilk buraxılışları 2026-cı ilin mart və iyul aylarında baş tutub, kosmosa 32 peyk göndərilib. Moskva ilin sonuna kimi orbitdə belə peyklərin sayını 292-yə çatdırmağı planlaşdırır. Ukrayna prezidentinin müdafiə texnologiyaları üzrə müşaviri Sergey Beskrestnov bildirib ki, “Büro 1440” şirkəti tərəfindən hazırlanan “Rassvet” Ukrayna üçün əsas təhlükəyə çevrilir. Çünki “Rassvet” Rusiya dronlarına və raketlərinə real vaxt rejimində bütün Ukrayna ərazisində birbaşa və yüksək dəqiqliklə nəzarət etməyə imkan verir. Bu, Ukrayna Silahlı Qüvvələrinin elektron müharibə şəbəkəsini yararsız hala gətirir. Beskrestnov bunu Ukrayna və bütövlükdə Avropa üçün fəlakət hesab edir. Ukrayna Dövlət Kosmik Agentliyi rəhbərinin keçmiş müşaviri Andrey Kolesnik qeyd edir: “Rusiya artıq Ukraynaya hücumlar zamanı “Rassvet” peyklərindən istifadə edir. Moskva Rusiyanın artıq peyk bürclərinin formalaşdırılması mərhələsinə qədəm qoyub. Planlaşdırılan hündürlüyü qoruyub saxlamaqla Ukraynanın bütün ərazisini əhatə etmək üçün Rusiyanın orbitdə təxminən 130 peykə ehtiyacı olacaq. Hətta az sayda olan “Rassvet” peyklərindən artıq Ukraynaya dron hücumlarında istifadə olunur. Onların sayının artması isə Ukrayna üçün daha çox problem deməkdir”.
Hazırda Rusiyanın Ukraynaya hücumda istifadə etdiyi dronlar və qanadlı raketləri üçün sabit peyk bağlantısı operatorlara “kosmik görmə” imkanı yaradır. Bu imkanı yaradan “Rassvet” peykləri daha aşağı orbitdə uçurlar, radar tərəfindən aşkarlanmırlar və elektron mübarizə vasitələrinin təsirinə məruz qalmırlar. Nəticədə dron və ya raketi idarə edən operator real vaxt rejimində dəqiq zərbə endirə və marşrut boyunca istənilən nöqtədə hədəfi dəyişdirə bilər. “Rassvet” peykləri “Starlink” sistemindən 200 kilometr yüksəklikdə yerləşir. Ümumiyyətlə, onların hündürlük nöqtəsi 800 kilometrdir və Yer kürəsinin aşağı orbitindədir. Bu peyklər lazer rabitə terminalları ilə təchiz olunub və orbitdə 5G baza stansiyaları kimi fəaliyyət göstərirlər. Daha yüksək orbit hər bir peykin daha böyük bir ərazini əhatə etməsinə imkan verir və atmosfer müqavimətini azaldır. Təxminən 80 kiloqram ağırlığında olan peyklər məlumatları lazer kanalları vasitəsilə saniyədə 10 qiqabitə qədər sürətlə ötürürlər və bu da şəbəkənin yerüstü stansiyalardan asılılığını azaldır. Rusiyalı mütəxəssis Yuri Knutov qeyd edir: “Hava hücumundan müdafiə üzrə Rusiyanın “Rassvet” peyk sistemi əlavə yerüstü terminallara ehtiyac olmadan mobil cihazlarla birbaşa rabitə təmin etmək məqsədi ilə hazırlanır. Bu imkan Rusiya sistemi ilə “Starlink” arasında əsas fərqləndirici amillərdən biridir. Beləliklə, “Rassvet”in yaradıcıları həm mobil cihazlarla birbaşa peyk rabitəsinə, həm də peyklərin özləri arasında yüksək sürətli məlumat mübadiləsinə güvənirlər. Nəticə, təbii ki, döyüş meydanında da özünü göstərəcək”.
“Rassvet” sistemi tam işlək vəziyyətdə təkcə Ukrayna ordusu deyil, Avropa üçün əsas təhlükəyə çevriləcək. Çünki Avropa da belə rabitə sisteminə qarşı effektiv mübarizə vasitəsinə malik deyil. Avropanın peyk kəşfiyyat imkanları Amerika “Starlink” sisteminin xidmətlərindən altı dəfə zəifdir. Əslində, bu məsələdə də Avropa əhəmiyyətli dərəcədə ABŞ-dan asılıdır. Məhz bu şəraitdə “Rassvet” sistemi Rusiyanın Avropa üzərində hərbi üstünlüyünü sürətlə artırır. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı İlya Pavlenko bildirir: Rusiyanın “Rassvet” peyk şəbəkəsi təkcə Ukraynaya qarşı müharibə üçün deyil, həm də NATO ölkələrinə və beynəlxalq ictimaiyyətə qarşı təxribatlar, qanunsuz sxemlər və hibrid təcavüzlər həyata keçirmək üçün bir vasitə kimi inkişaf etdirilir. Bu, avropalılar üçün birbaşa təhlükədir. Kompakt “Rassvet” terminalı ilə təchiz olunmuş dron mülki gəmidən və ya Avropada icarəyə götürülmüş qoşqudan buraxılaraq, London və ya Parisdəki hədəfləri maneəsiz şəkildə vura bilər və belə dronlar birbaşa Kremldən idarə olunur. Rusiya “Rassvet” peyklərinin orbitdə yerləşdirilməsini sürətləndirmək üçün Çinin “Shanghai Spacecom Satellite Technology” şirkəti ilə də müqavilə bağlayıb. Müqavilə Rusiyaya daha çox sayda peyki qısa müddətdə istehsal etməyə imkan verir.
Tahir TAĞIYEV