Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının dövlət mülkiyyətində olan torpaqlarından ümumilikdə 88 418 hektar ərazi ayrılaraq Qarabağ Milli Parkı yaradılır.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, Milli Parkın yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərdə zəngin ekosistemin və biomüxtəlifliyin qorunması, təbii irsin bərpası, təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi və ekoturizmin inkişafıdır.
Eyni zamanda qeyd olunub ki, işğal dövründə regionun bioloji müxtəlifliyinə ciddi ziyan vurulub, nadir bitki və heyvan növləri məhv edilib və ekoloji tarazlıq pozulub.
Bildirilib ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın, təbii ekosistemlərin və zəngin biomüxtəlifliyin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin yenidən qurulması, regionun təmiz ətraf mühit və “yaşıl artım” zonasına çevrilməsi istiqamətində tədbirlər həyata keçirilib.
Sərəncamda qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tarixən zəngin və özünəməxsus təbii irsə malikdir. Ermənistan tərəfindən işğal altında saxlanıldığı müddətdə bu ərazilərin bioloji müxtəlifliyinə ciddi ziyan vurulub, Azərbaycanın “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş nadir bitki və heyvan növləri məhv edilib. Bu, bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına səbəb olub.
Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın, təbii ekosistemlərin və zəngin biomüxtəlifliyin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin yenidən qurulması, regionun təmiz ətraf mühit və “yaşıl artım” zonasına çevrilməsi istiqamətində tədbirlər həyata keçirilib.
Bildirilib ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Bəsitçay Dövlət Təbiət Qoruğunun, Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarında isə Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti Böyük Qayıdış çərçivəsində bərpa edilib.
Sərəncama əsasən, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə yeni mühafizə olunan təbiət ərazilərinin yaradılması, regionun təbii irsinin beynəlxalq miqyasda tanıdılması, biomüxtəlifliyin bərpası və qorunması, təbii sərvətlərdən dayanıqlı istifadə, sosial-iqtisadi imkanların artırılması və ekoturizmin inkişafı məqsədilə Qarabağ Milli Parkı yaradılıb.
Belə ki, Ağdərə rayonunun dövlət mülkiyyətində olan torpaqlarından 44 773,79 hektar, Xocalı rayonundan 24 597,80 hektar, Kəlbəcər rayonundan 13 514,98 hektar, Şuşa rayonundan 5 314,34 hektar və Laçın rayonundan 217,09 hektar ərazi ayrılıb.
Ümumilikdə 88 418 hektar sahə xüsusi qorunan ərazilərin torpaqları kateqoriyasına aid edilməklə Qarabağ Milli Parkının ərazisinə daxil edilib. Ərazinin sərhədləri sərəncama əlavə edilmiş yerquruluşu planında göstərilib.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.