Fuad İbrahimov: “Fürsətdən istifadə edərək bu danışıqlar çərçivəsində özlərinə bir kvota alıblar ki, bununla da dizel müqaviləsindən yararlanacaqlar”
Mətləb Salahov: “Tramp Putinlə razılaşmada AKP hakimiyyətini də “yaddan çıxarmır”
Türkiyə Putin-Tramp sövdələşməsindən dizel yanacağının bir hissəsini alacaq. Reuters qeyd edir ki, Ankara enerji ehtiyaclarını qismən Rusiya, İran, Azərbaycan və digər ölkələrdən gələn təchizatla ödəyir və ABŞ ilə sövdələşmələr də daxil olmaqla, idxalını şaxələndirməyə çalışır.
Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, Rusiyanın ABŞ prezidenti Donald Trampla müqavilə çərçivəsində qlobal bazara tədarük edəcəyi dizel yanacağının bir hissəsini Türkiyə alacaq. O, müqavilənin ölkənin enerji təhlükəsizliyi üçün vacib olduğunu bildirib.
"Rusiya özü bu çətinliklərlə üzləşməyə başlayandan bəri bir neçə aydır ki, dizel ixracını məhdudlaşdırır. İndi isə Trampla dizel müqaviləsi əldə etmişik. Bu müqavilə dizelin bir hissəsinin Türkiyəyə, bir hissəsinin isə Amerikaya gedəcəyini nəzərdə tutur. ...Danışıqlarımıza əsasən, bu yanacağın bir hissəsini alacağıq", - nazir Kanal 7-də yayımlanan "Başkent Kulisi" verilişində bildirib. O, əlavə məlumat verməyib.
Bayraktar Rusiya yanacaq sənayesindəki çətinlikləri enerji infrastrukturuna edilən hücumlarla əlaqələndirib və onun sözlərinə görə, bu hücumlar Rusiyadakı yanacaqdoldurma məntəqələrində növbələrə səbəb olub.
Kreml 15 oktyabrda Trampla bağlanan razılaşmadan sonra dizel yanacağı ixracının bərpa olunduğunu elan edib. Reuters agentliyinin məlumatına görə, razılaşmaya əsasən, Rusiya Amerika və qlobal bazarlara 2,25 milyon bareldən çox dizel tədarük edəcək.
Saziş Ukrayna Prezidenti Volodymyr Zelenski, Avropa rəsmiləri və Trampın bəzi respublikaçı həmkarları tərəfindən tənqid olunub.
Bayraktarın sözlərinə görə, Türkiyənin Hörmüz boğazından asılılığı məhduddur: oradan qaz axmır və neftin payı təxminən 10% təşkil edir. "Middle East Eye"nin sentyabrın əvvəlində verdiyi məlumata görə, ABŞ iyun ayında Rusiyanı keçərək Türkiyənin ən böyük neft tədarükçüsü olub və avqust ayından bəri ölkə Hindistan və ABŞ-dan rekord miqdarda dizel yanacağı alıb.
Nazir həmçinin ilk üzən qaz istehsalı və emalı platforması olan Osman Qazinin Filyos limanından Qara dənizdəki Sakarya yatağına yola düşdüyünü açıqlayıb. O, hasilatı hazırkı 9,5-10 milyon kubmetrdən gündə 20 milyon kubmetrə qədər ikiqat artıracağını və 2027-ci ilin əvvəlinə qədər hər üç türk ev təsərrüfatından biri məişət qazından istifadə edəcəyini bildirib.
İkinci platformanın 2028-ci ilin birinci rübündə çatdırılması və daha 25 milyon kubmetr qaz əlavə edilməsi planlaşdırılır. Bayraktarın proqnozuna görə, o vaxta qədər ev təsərrüfatlarının dörddə üçünün Türkiyə qazı alacağı gözlənilir.
Reuters-in məlumatına görə, hazırda Türkiyə demək olar ki, tamamilə idxaldan asılıdır: ötən il 59 milyard kubmetr qaz istehlak edib, daxili istehsal isə 3,1 milyard kubmetr olub.
Tramp nə yaxşı Rusiya ilə razılaşmada Türkiyəni də düşündü? Bu alış-veriş Türkiyə-Rusiya münasibətlərinə necə təsir edəcək?
Müstəqil ekspertlər bu sövdələşmədən AKP iqtidarının birbaşa pay aldığı qeyd edirlər. Bildirilir ki, müharibənin əvvəlindən bəri Türkiyənin Rusiyadan ucuz xam neft və neft məhsulları idxal edərək onları emal etməsi və ya Avropaya reeksport etməsi barədə beynəlxalq analitik mərkəzlərin hesabatları mövcuddur. Tramp-Putin razılaşmasının qlobal enerji qiymətlərinə və logistik zəncirə təsiri fonunda, bəzi müxalif dairələr və ya iqtisadi şərhçilər regiondakı ümumi neft ticarətindən çıxış edərək bu cür siyasi şərhlər irəli sürürlər.
İqtisadçı Fuad İbrahimov baki-xeber.com-a bildirdi ki, bu prosesin qaynaqlandığı faktorlar var. “İlk növbədə bu proses nədən qaynaqlanır? Bu gün dünya bazarlarına dizeli əsas verən qüvvələr Amerika Birləşmiş Ştatları, Səudiyyə Ərəbistanı və Rusiyadır. Rusiya kimi ölkə sanksiyalarla üzləşdiyi halda, eyni zamanda da Hörmüz keçidindəki problemlər dünya bazarlarında dizel qiymətinin bahalaşmasına səbəb olub. Təsəvvür edin ki, Amerika Birləşmiş Ştatları bazarlarında dizelin birdən-birə 1 qalonnun 7 dollara qədər yüksəlməsi xidmət sektorunda kəskin bahalaşmaya, tələbin azalmasına və marjanın daralmasına səbəb olub. Xidmət sektorunda avtomobillə daşınma, yük daşımaları kifayət qədər geniş yayılıb. Bu da öz növbəsində daşınmanın qiymətinin bahalaşmasına və eyni zamanda da silsilə digər bahalaşmalara gətirir. Eyni zamanda dizelin satış qiyməti 100 dollara, bəzi anlarda isə 180 dollara qədər yüksəlib. Noyabr ayında ABŞ-da aralıq seçkiləri keçiriləcək. Tramp hakimiyyəti bərqərar olsa, o problemlər əlverişli bir vəziyyətdə olmayacaq. Bu baxımdan Rusiya ilə danışıqlara gedilməsi, birbaşa müqavilə imzalaması mövcud geosiyasi reallıqlar fonunda beynəlxalq sanksiyalar rejiminin zəifləməsi, ABŞ-ın daxili enerji təhlükəsizliyi maraqlarının siyasi prioritetləri üstələməsi və qlobal enerji bazarında böhranın idarə edilməsi zərurəti kimi qiymətləndirilə bilər.
Bu işdə birbaşa köçürmələr olacaqdır. Bu müqavilələrin dəyəri dərhal ödənilir. Bu baxımdan, əlbəttə ki, sanksiyanın yumuşalması, Rusiya iqtisadiyyatına kifayət qədər yeni kapitalın daxil olması, bu da öz növbəsində müharibə aparmaq imkanlarının genişlənməsi deməkdir. Bu arada da Türkiyədə də eyni problem yaşandığı üçün görünür, fürsətdən istifadə edərək bu danışıqlar çərçivəsində özlərinə bir kvota alıblar ki, bununla da dizel müqaviləsindən yararlanacaqlar. Əslində baxmayaraq ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib, amma eyni zamanda Rusiya ilə də münasibətlərini taraz saxlayır. Yəni bu gün Türkiyə tərəfindən hər hansısa bir ciddi sanksiyalar yoxdur. Sadəcə olaraq Qərb tərəfindən verilmiş sanksiyaların tələbnamələrinə cavab verilir. Amma Türkiyə özü birbaşa hər hansı sanksiyalarla Rusiya ilə bağlı çıxış etmir. Düzdür, Ciddi formada müəyyən maliyyə köçürmələrində, maliyyə əməliyyatlarında, müqavilələrin imzalanmasında məhdudiyyətlər var. Bu da ondan ibarətdir ki, xarici monitorinq qrupları banklara sanksiya tətbiq edə bilər. Bu sanksiyalar bu baxımdandır. Birbaşa Rusiyaya qarşı münasibətləri o tarazlıq qorunub saxlanılır. Amma belə bir vəziyyət yaranmışdır. Türkiyə çalışır ki, icra mexanizmi olan bir müqavilə bağlansın və konkret olaraq dizelin satış prosesinə birbaşa başlanılsın”-deyə F.İbrahimov qeyd etdi.
“Bu razılşamada Türkiyə hakimiyyəti maliyyə və siyasi dividentlər qazansa da, əvəzində Ukraynanın ona olan etimadını tamamilə itirmək üzədir”. Bunu isə baki-xeber.com-a Jurnalist-ekspert Mətləb Salahov bildirib.
“Hazırda dünya gündəmində ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında qlobal bazara neft məhsullarının çıxarılması üzrə əldə edilən "dizel sazişi" müzakirə olunur. Artıq ABŞ siyasətinin özündə bu qərar ciddi narahatlıq yaradıb və hazırkı Ağ Ev Administrasiyasına qarşı güclü etirazlar baş qaldırıb. D.Trampa müxalif olan konqresmenlər bu addımın V.Putini “ayaqda saxlamaq” cəhdi kimi qiymətləndirir və ABŞ-ın Ukraynanı işğal edən bir dövlətə bu şəkildə iqtisadi dayaq durmasını rüsvayçı adlandırırlar. Onlar bu addımın V.Putini sözün əsl mənasında yenidən dirçəltdiyini önə sürürlər. Okeanın o tayındakıların da qeyd etdiyi kimi, ABŞ rəhbərinin bu razılaşması ilk növbədə Ukraynaya zərbə olacaq. Bu, məsələnin ABŞ qütbündə olan müzakirəsi. Amma məsələnin ən maraqlı tərəfi ABŞ və Rusiya arasındakı bu dizel sövdələşməsindən Türkiyəyə ayrılan pay və rəsmi Ankaranın bu məsələdə oynadığı roldur. Türkiyə rəsmiləri iddia edirlər ki, Ankara Türkiyə birbaşa yanacaq tədarükü və enerji təhlükəsizliyi baxımından mühüm dividendlər qazanacaq. Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar "Kanal 7" telekanalına müsahibəsində bildirib ki, son aylarda daxili qıtlıq səbəbindən dizel ixracına məhdudiyyət qoyan Rusiya Tramp ilə razılaşmadan sonra tədarükü bərpa edib. Nədən D.Tramp V.Putinlə bu razılaşmasında AKP hökümətini də yaddan çıxarmayıb? – bu məsələdə dərin və ciddi maraqlar dayanır. Ən vacib məqam odur ki, bu razılşama qeyd edildiyi kimi D. Tramp və V. Putin arasında baş tutub. Demək D.Trampın bu məsələdə Türkiyəyə yer verməsi də V.Putinlə razılaşdırılıb. Belə olan halda Türkiyə-Rusiya münasibətlərində hansısa gərginlik gözlənilən deyil. Həm də unutmayaq ki, həm Moskva, həm də Vaşinqton AKP höküməti ilə əməkdaşlığı davam etdirmək, bir sıra məsələlərdə istifadə etdikləri AKP iqtidarını ayaqda tutmaq, onun əhəmiyyətini qoruyub saxlamaq üçün bu şəkildə addım atırlar. Həttda bir sıra nüfuzlu media orqanlarında Türkiyə hakimiyyətinin bu iki nəhəng dövlət rəhbərləri ilə daha qaranlıq ticarət əməliyyatlarında adı hallanır. Hər kəsə aydındır ki, hazırkı Türkiyə hakimiyyəti həm D.Trampla, həm də V.Putinlə yaxın münasibətlərə sahibdir. Lakin məsələnin digər tərəfi odur ki, Ukrayna tərəfi artıq AKP hakimiyyətinə olan inam və etimadını tamamilə itirmiş sayacaq. Çünki V.Putinin iqtisadi maraqlarına xidmət edən bu razılaşma Ukrayna üçün qəbuledilməzdir. Belə olan halda isə əsl hədəf bu iki nəhəngin yanında yer alan rəsmi Ankara olacaq. Sözün əsl mənasında artıq Ukraynada rəsmi Ankaraya olan etimad tamamilə aradan qalxmaq üzrədir. Çünki AKP hakimiyyəti yaxşı qazanc və regional aktor maraqları üçün ukraynalıların maraqlarını heçə saymaqdan və görməzdən gəlir. Bu isə çox yaxın zamanda rəsmi Kiyevin Türkiyəyə olan münasibətində kəskin dəyişiklik yaradacaq. Bu, qaçılmaz prosesdir”-deyə M.Salahov vurğuladı.
İradə SARIYEVA