Fransanın daxili işlər naziri Loran Nunyes kütləvi iğtişaşlarla bağlı vəziyyətin nəzarətdən çıxdığını etiraf edib.
"Yüzlərlə mağazanın talan edildiyi bəzi böyük şəhərlərdə biznes sahiblərinin gözlərinə baxıb nəzarəti itirmədiyimizi deyə bilməzsən", - deyə o, “France Inter” radiosuna bildirib.
Onun sözlərinə görə, polis qüvvələri küçələrdəki insanların sayına nisbətən qeyri-mütənasib olub. Nazir hadisəyə görə, bütün məsuliyyəti öz üzərinə götürüb və hətta istefasını da təklif edib, lakin prezident Makron bunu qəbul etməyib.
Şənbə günü Fransada genişmiqyaslı etirazlar baş tutub. Həftələrdir davam edən etiraz aksiyalarında orta məktəb və universitet tələbələri, eləcə də ifrat solçu fəallar, "sarı jiletlilər" hərəkatının tərəfdarları, taksi sürücüləri, tibb bacıları, tikinti işçiləri və həmkarlar ittifaqı nümayəndələri iştirak ediblər. Onlar yaşayış qiymətlərinin artması ilə bağlı narazılıqlarını bildirmək üçün küçələrə çıxıblar.
Tahir TAĞIYEV