Firdovsi Şahbazov: “Bir sıra faktorlar Azərbaycanın regional təhlükəsizliyə töhfə verməsini təmin edir”
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bəyan edib ki, Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır:
“Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir”.
Sözügedən məsələni baki-xeber.com-a şərh edə iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, bir sıra faktorlar Azərbaycanın regional təhlükəsizliyə töhfə verməsini təmin edir: “Başlıca faktor Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. Digər tərəfdən uzun illərdir həyata keçirilən müxtəlif meqa layihələr Azərbaycanın rolunu və önəmini daha da artırır. Azərbaycan Cənubi Qafqazda və daha geniş Avrasiya məkanında suverenliyə, ərazi bütövlüyünə və nəqliyyat-enerji əlaqələrinə əsaslanan mühüm regional təhlükəsizlik və sabitlik aktoru kimi çıxış edir. Vətən müharibəsində əldə edilən zəfər regionda üç onillikdir davam edən hərbi qarşıdurma mərhələsinə son qoyub və Cənubi Qafqazda yeni geosiyasi nizam formalaşdırıb. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin imzalanması istiqamətində təşəbbüslər irəli sürərək bölgədə uzunmüddətli sülhün qorunmasına çalışır. Orta Dəhlizin inkişafı və Zəngəzur dəhlizi kimi layihələr bölgədə ticarət əlaqələrini gücləndirir. Bütün bunlar iqtisadi qarşılıqlı asılılığı artıraraq münaqişə risklərini minimuma endirir. Azərbaycanın enerji layihələri, regional və qlobal miqyasda həm iqtisadi tərəfdaşlıq aləti, həm də strateji sabitlik zəmanətidir. Ölkənin enerji strategiyası hazırda iki fundamental sütun üzərində inkişaf edir: ənənəvi təbii qaz ixracının genişləndirilməsi və "yaşıl enerji" dəhlizlərinin qurulması. Bir sözlə, Azərbaycanın regionda və dünyada önəmi hər keçə gün artır”.
Vidadi ORDAHALLI