Türkiyə vətəndaşı, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar və dini nifrətin salınması ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib.
Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.
Məlumata görə, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən 1975-ci il təvəllüdlü Celal Çiftçi tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması barədə daxil olmuş məlumatlar əsasında araşdırmalar aparılıb.
Baş Prokurorluq bildirib ki, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 nömrəli qərarından sonra hakimiyyətin çevriliş və zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, dini nifrət və düşmənçiliyin salınmasına və təşviqinə yönələn dini radikalizm məzmunlu materialların təkrar yayılması müəyyən olunub. Həmin materiallar arasında süni intellekt vasitəsilə hazırlananların da olduğu qeyd edilib.
Toplanmış materiallar əsasında Baş prokuror tərəfindən oktyabrın 16-da Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Hazırda Celal Çiftçi və digər şəxslər barəsində müvafiq istintaq hərəkətlərinin aparılması məqsədilə Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir. Beynəlxalq əməkdaşlıq mexanizmləri çərçivəsində digər zəruri tədbirlər də həyata keçirilir.
İstintaq çərçivəsində materialların məzmunu, hazırlanması və yayılması halları, eləcə də iş üçün əhəmiyyətli digər hallar araşdırılır.
Baş Prokurorluq hər kəsi dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunun yayılmasından çəkinməyə, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə riayət etməyə çağırıb.
ZÜMRÜD