Elşən Manafov: “Bütün bunlar rəsmi Bakıya təzyiq göstərmək istəyindən başqa bir şey deyil”
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipi Azərbaycan–Türkiyə münasibətlərinin mənəvi və siyasi təməlini təşkil edir. Lakin bu tarixi ifadənin mahiyyətinin təhrif edilməsinə yol vermək olmaz.
Bu barədə YAP-ın Mətbuat Xidməti Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri tərəfindən Azərbaycanla bağlı səsləndirilmiş fikirlərinə münasibətində qeyd edilib.
Açıqlamada o da qeyd olunub ki, burada söhbət məhz bir millətdən və iki müstəqil dövlətdən gedir: “Bu prinsip heç bir halda bir dövlətin digərinin daxili işlərinə müdaxilə etməsinə, öz siyasi və ideoloji yanaşmalarını digərinə qəbul etdirməsinə əsas vermir”.
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Elşən Manafov hesab edir ki, Azərbaycan hökumətinin dövlət məktəblərində vahid geyim qaydalarına keçid barədə qəbul etdiyi qərar təhsilimizdə inteqrasiya proseslərini sürətləndirmək və təhsilin dünyəvilik modelini qorumaq zərurətindən irəli gəlib: “Məlum qərar heç bir vəchlə vətəndaşların dini etiqad azadlığına qarşı yönəlməyib. Cəmiyyətimizin uzun illərdən bəri söykəndiyi əxlaqı mənəvi dəyərlərə qarşı deyil, əksinə azərbaycançılığın məfkurə dəyərləri ilə vəhdədiyyət təşkil edir. Bununla belə, Türkiyə mediasında məlum qərarın doğurduğu rezonans bu gün dövlətlərimiz arasında münasibətlərin tarixi, ortaq maraqlar, məfkurə dəyərlərimizdə məlum hədəflərin istiqamətləri baxımından suallar doğurub. Problemin hüquqi tərəflərinin mahiyyətinə varmadan, burada Azərbaycanın müstəqil dövlət kimi milli maraqlarının spesifikası və özünəməxsusluğunu nəzərə almadan belə yanaşma doğru deyil. Türk mediasında istər hakimiyyət, istərsə də, müxalifətlə bağlı media qurumlarında problemin ətrafında "stəkanda fırtına yaratmaq" istəyi şübhəsiz ki, bu media qurumlarının fəaliyyətinə ciddi təsir imkanları olan məlum dairələrin konyuktur maraqları ilə bağlıdır. Rəsmi Bakıya təzyiq göstərmək, onunla təhdid dilində danışmaq istəklərinin birbaşa inikasından başqa bir şey deyil”.
Politoloq onu da qeyd etdi ki, qərarın Azərbaycanda guya ki, ictimai maraqlara uyğun olmaması, onun cəmiyyəti qarşıdurma həddinə sürükləməsi barədə gerçəkliklərdən uzaq fikirləri təbliğ edən türk mediasında bəzi dairələrin region ətrafında geosiyasi oyunlardan mənfəətlənmək istəkləri göz qarşısındadır: “Zira bu dairələr Türkiyənin özündə hicabla bağlı 1997-ci ildə ölkənin siyasi həyatlarında yaşanan böhranın yaxın keçmişdə canlı şahidləri olublar: “Türkiyədə1980-cı ilin dövlət çevrilişindən sonra Kənan Evren hakimiyyətinin 1982-ci ildə hicabla bağlı qadağalarını yaxşı xatırlayırlar. Türkiyədə klerikal dairələrin siyasi iqtidara daşıdığı Ərbakan iqtidarının da, hicab ətrafında şou xarakterli çıxışlarının arxasında kütlə fenomeninin düşüncə tərzindən yararlanaraq qısa müddətdə (tarix uçun 25 il qısa müddətdir) zənginləşən Ərbakan və tərəfdarlarının Türkiyənin sonrakı dönəmində "əməli fəaliyyətləri"də unudulmayıb.
Sonradan gülənçilərlə əməkdaşlığın Türkiyə dövlətçiliyi üçün doğurduğu təhlükənin masştablarının mahiyyətinə varan Ərbakan ardıcılları yalnız siyasi konyuktura naminə bəlli yoldan çəkinib (2016-cı ilin hadisələri) məlum qüvvələrin və ilk növbədə dünyəvi dövlətçilik modelinin tərəfdarı olan xalqın dəstəyi ilə hakimiyyyətdə qala bildilər. Lakin elektoral bazanı itirməmək istəyi onları hicab ətrafında 2016-cı ildən sonra məlum liberal islahatlara getmək zərurəti qarşısında qoydu. Təəssüf ki, bu gün həmin qüvvələr yaxın keçmışlərində hicab ətrafında əldə etdikləri siyasi dividentlələri unudaraq rəsmi Bakını bilərəkdən hicabla bağlı siyasi şouda ittiham edirlər. Onun gerçək istəyinin guya ki, ictimai rəyi azdırmaq, onu hansısa hədəflərə yönəltmək maraqları ilə bağlı olduğunu iddia edirlər. Qərarın arxasında sosial amillərlə yanaşı, geosiyasi gerçəkliklərin olduğunu bildirirlər. Qərarın cəmiyyətə İran təsirini azaltmaq istəyindən qaynaqlandığını vurgulayanlar da var. Daha geniş fantaziyaya malik olan türk mediasının məlum qanadı isə qərarın arxasında Təl-Əvivin regiona sirayət etmək, onu qarışdırmaq kimi istəklərinin olduğunu tirajlayır. Bütün bunlar dərin təəssüf və narahatlıq hissi doğurur. Zira Azərbaycan Türkiyə ilə münasibətlərində məfkurə prinsipləri Ulu Öndər Heydər Əliyev tərəfindən işlənilmiş "Bir millət, iki dövlət" modelinə həmişə böyük hörmət və sayqı hissi ilə yanaşıb. Bundan sonra da, münasibətlərin məhz belə bir müstəvi üzərində aparılacağına əmindir. Bizim ortaq maraqlarımızın olması isə milli maraqlarımızın qurban verilməsi anlamında qəbul olunmamalıdır”.
Vidadi ORDAHALLI