ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika rəsmilərinin münaqişənin həlli üçün vasitəçilər üzərindən İran tərəfində kiminlə danışıqlar apardığını bilmir.
"Onların liderləri gedib. …İndi kiminlə danışdığımızı bilmirəm", - deyən Tramp, yenə də ABŞ-ın əməliyyatları nəticəsində İranın nə dəniz, nə də hava qüvvələrinin olduğunu və ordusunun "məhv edildiyini" iddia edib.
Bazar ertəsi günü İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehran və Vaşinqton arasında dolayı əlaqələrin davam etdiyini, lakin kompromisə nail olmaq üçün İranın şərtlərinə riayət edilməsinin vacib olduğunu bildirib.
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf da bildirib ki, İran, hətta ABŞ-la danışıqlar apararkən belə, müharibəyə hazır olmalıdır. O, ölkənin əsas məqsədinin Amerikanın başqa bir hücumunun qarşısını almaq olduğunu bildirib. Bununla belə, o, Vaşinqtonla müqavilə imzalamağın heç bir zəmanət vermədiyini qeyd edib.
Oktyabr ayında Tramp Vaşinqtonun İranla mənalı danışıqlar apardığını bildirmişdi. Amerika prezidenti ən azı 3 noyabr ara seçkilərindən sonraya qədər İrana hücum etmək niyyətində olmadığını bildirib. Lakin Amerika mediasında ABŞ ordusunun mümkün hücumların bərpasına hazırlaşdığı barədə məlumatlar yayılır.
Tahir TAĞIYEV