Ukrayna Rusiyanın ən böyük bank və texnologiya şirkəti olan “Sberbank”a məxsus ən güclü data mərkəzinə zərbə endirib.
“Reuters”in məlumatına görə, obyekt Saratov vilayətinin Balakovo şəhərində, Ukrayna ilə sərhəddən təxminən 650-700 km məsafədə yerləşir. Layihələndirilmiş enerji gücünə görə, bu, Rusiyanın əsas məlumat mərkəzidir və 82 MVt gücündədir. Obyektdə 3000 server dayağı və 120.000-ə qədər server yerləşir.
“Sberbank” mərkəzində həmçinin Rusiyanın ən böyük superkompüterinin yerləşdirilməsi planlaşdırılırdı və onun 2027-ci ildə istifadəyə verilməsi gözlənilirdi. Hücum zamanı ona zərər dəyib-dəymədiyi hələlik məlum deyil. Lakin şirkətin yüksək vəzifəli rəhbəri bildirib ki, hücum “Sberbank”ın xidmətlərinə mane olmayıb.
"Məlumatların emalı mərkəzinə hücum edildiyini təsdiqləyirik. Eyni zamanda, “Sberbank”ın bütün sistemləri və xidmətləri normal və fasiləsiz işləyir ", - deyə bankın baş direktorunun birinci müavini Aleksandr Vedyaxin jurnalistlərə bildirib.
“Sberbank”, ən böyük daxili rəqibi “Yandex” lə birlikdə, Rusiyanın aparıcı süni intellektin inkişaf mərkəzlərindən biridir. Rusiyanın daxili süni intellekt bazarı “Sberbank”ın GigaChat modeli və YandexGPT arasında bölünür.
Tahir TAĞIYEV