Rusiya yaxın aylarda Ukraynanı dəstəkləyən NATO üzvü ölkələrdə daha riskli və genişmiqyaslı əməliyyatlara əl ata bilər. Bunu Çexiyanın təhlükəsizlik xidmətinin rəhbəri Mixal Kudelka bildirib. Onun sözlərinə görə, Moskva "deeskalasiya üçün eskalasiya" taktikasına keçir.
Rusiyanın mümkün əməliyyatlarına NATO ölkələrindəki Ukraynaya yardım obyektlərinə təxribatlar, həmçinin Kiyevə göndəriləcək silah anbarlarına dron və ya raket hücumları daxildir. Kudelka parlamentdə keçirilən təhlükəsizlik konfransında danışıb. Onun fikrincə, ən ekstremal halda NATO-nun qonşu üzv ölkələrindən birinə qarşı məhdud hərbi əməliyyat da aparıla bilər. O, Rusiyanın hazırda bütün qüvvələrini Ukraynada cəmlədiyini də əlavə edib. Kudelka Çexiya kəşfiyyat xidmətində ölkəyə qarşı birbaşa təhdidlə bağlı hələlik konkret məlumatın olmadığını bildirib. Almaniyanın daxili kəşfiyyat qurumunun rəhbəri Sinan Selen isə bildirib ki, Rusiya hibrid əməliyyatlarda əlindəki, demək olar, bütün vasitələrdən istifadə edir. Bu əməliyyatlara Almaniyada planlaşdırılan sui-qəsd cəhdləri də daxildir.
Selen Berlində keçirilən mətbuat konfransında deyib ki, Leypsiq/Halle hava limanındakı dron insidentinə bənzər hadisələrin təkrarlanacağı gözlənilir. Almaniya rəsmiləri avqustda Leypsiq hava limanında Ukraynaya yük daşıyan təyyarələrə edilən dron hücumu cəhdində də Rusiyanı günahlandırıblar. Kreml bu ittihamları rədd edib. Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda ölkəsinin heç bir Avropa dövlətinə hücum planının olmadığını deyib. Onun sözlərinə görə, Avropa ölkələrində Rusiyanın mümkün hücumu ilə bağlı səsləndirilən bəyanatlar vəziyyətin məqsədyönlü şəkildə şişirdilməsi və təxribatdır. Moskva təxribat və hibrid müharibə əməliyyatlarında iştirakını da dəfələrlə inkar edib. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev də Rusiyanın Avropaya hücum etmək planları ilə bağlı bəyanatları cəfəngiyat adlandırıb. Onun fikrincə, bu cür iddialar Rusiyanın geostrateji məğlubiyyətinə nail olmaq məqsədi daşıyır. O, Avropaya ehtimal olunan hücum barədə danışıqları Rusiyada səfərbərlik haqqında gəzən şayiələrlə müqayisə edib.
Tahir TAĞIYEV