ABŞ və İsraillə qarşıdurması fonunda Fars körfəzinin ərəb ölkələri ilə münasibətləri savaş həddinə çatan İran regonda başqa bir ölkə ilə də müharibənin astanasındadır. Söhbət İranla həmsərhəd olan Əfqanıstandan gedir. Hadisələrin mövcud inkişaf axarı göstərir ki, İran Pakistandan sonra Əfqanıstan hökumətinin münasibətlərini pozacağı regionda ikinci ölkəyə çevrilir. Özü də İran və Əfqanıstan arasında münasibətlərin pozulması dini zəmində baş verir.
Tehranda belə iddialar səslənir ki, indiki Əfqanıstan hakimiyyətini bu və digər motivlərlə məhz ABŞ İranın üzərinə yönəldir. İndi bu iki qonşunun münasibətlərindəki gərginlik savaş həddinə keçərsə, ABŞ kifayət qədər yaxşı döyüş təcrübəsinə malik əfqanlardan İrana qarşı birbaşa quru döyüşlərində də istifadə edə bilər. Bundan ciddi şəkildə narahat olan İran hələlik müxtəlif iqtisadi layihələr, investisiyalar müqabilində Əfqanıstanla münasibətlərinin normal məcrada qalmasına can atır. Amma görünən odur ki, daha çox dini zəmində gərginləşən münasibətlər bu iki ölkənin savaş meydanında üz-üzə gəlməsini də istisna etmir.
İranın ən nüfuzlu dövlət qəzetlərindən biri olan “Comhuri-e Eslami” nəşri Əfqanıstandakı Taliban hakimiyyətini İrana qarşı “səssiz müharibə” aparmaqda günahlandırıb. Nəşr İranın Kabillə münasibətlərindəki hazırkı kursunun Tehranın uzunmüddətli maraqlarına zərər verə biləcəyi barədə xəbərdarlıq edib. “Comhuri-e Eslami” iddia edir ki, Taliban 2021-ci ilin avqust ayında ABŞ-nin dəstəyi ilə Əfqanıstanda hakimiyyətə qayıdıb və bu, 2020-ci ilin sonlarında Dohada Vaşinqtonla bağlanmış müqavilənin bir hissəsi olub. İddiaya əsasən, ABŞ hökuməti Talibanın hakimiyyətə gəlməsinə o şərtlə razılıq verib ki, bu rejim regionun ən həssas bölgələrindən birində Vaşinqtonun maraqlarının təmsilçisi kimi çıxış etsin. İran nəşri vurğulayır ki, hakimiyyətə qayıtdıqdan sonra Taliban ABŞ ilə sıx münasibətlər saxlayıb və amerikalılardan aylıq 50 milyon dollar maliyyə yardımı alır. İndi bütün bunlar müqabilində Taliban da İrana qarşı mövqeyində ciddi dəyişikliklər edir. “Comhuri-e Eslami”yə görə də, Vaşinqtonun Talibanla əməkdaşlığının səbəblərindən biri məhz İrana qarşı Əfqanıstandakı bu rejimdən stifadə olunmasıdır. Özü də bu, dini zəmində edilir. Nəşr yazır ki, Talibanın ilk olaraq Əfqanistan ərazisində İranla əlaqəli məşhur qurumları bağlaması, İranı dəstəkləyən tayfalara, şiəliyin müxtəlif qollarına və ümimiyyətlə İranı dəstəkləyənlərə qarşı mübarizə aparması sürətlənib. İranlı ekspert Əmir Əli Əbülfət bildirir: “Reallıq budur ki, İrana qarşı koalisiya uzun müddətdir, hətta illər əvvəl formalaşıb. 40 günlük müharibə zamanı region ölkələri ilə birbaşa qarşılaşdıq və indi hava blokadası zamanı hətta İraq hava məkanından istifadə qadağan edilib. Bu, təzyiqlərin o qədər artdığını göstərir ki, region ölkələri könüllü və ya təzyiq və məcburiyyət altında ABŞ-nin istədiyi şərtlərə əməl edirlər və bu proses hələ də davam edir. Əfqanıstan da bu məsələdə ABŞ üçün olduqca maraqlıdır və bu ölkə ilə münasibətlərdə istənilən gərginlik Vaşinqtonun indi xüsusi marağındadır. İndiki münaqişənin yalnız İranla ABŞ arasında olduğunu demək olmaz. Əslində, İrana qarşı tamamilə açıq koalisiya yaradılıb”. İran iddia edir ki, son bir ildə Taliban Əfqanıstandakı şiə icmasına qarşı repressiv siyasətini əhəmiyyətli dərəcədə gücləndirib. Bildirilir ki, Taliban rejimi Əfqanıstanda təxminən 100 müxtəlif şiə təşkilatını bağlayıb və ya fəaliyyətini qeyri-mümkün edib ki, onların da çoxu İranın himayəsi altında olub. Xüsusilə, Tehranın Əfqanıstandakı ən böyük “yumşaq güc” vasitələrindən biri olan Hatəm əl-Ənbiya Universitet Kompleksi, İmam Xomeyni Fondu bağlanıb. O da vurğulanır ki, Taliban həmçinin müxtəlif kəşfiyyat agentlikləri üçün cəbhə kimi xidmət edən yüzlərlə Qərb qeyri-hökumət təşkilatının Əfqanıstanda fəaliyyətini davam etdirməsinə imkan verir. Bütün bunlar İranda İslam Respublikasına qarşı birbaşa çağırış kimi də qiymətləndirilir. Amma Tehran yaxşı başa düşür ki, yaxşı döyüş təcrübəsi olan Taliban rejimi ilə savaş indiki şəraitdə İran üçün əlavə və özü də olduqca ciddi problemlər deməkdir. O səbəbdən, Talibanın atdığı addımlara baxmayaraq, İran Əfqanıstanla siyasi, iqtisadi əməkdaşlıqda maraqlı olduğunu, bu ölkənin Cabahar limanı üzərindən açıq dənizlərə çıxışına imkan yaratmaq niyyətini açıqlayıb.
İran İslam Şurası Məclisinin üzvü Möhsün Zənganə qeyd edir: “İran Əfqanıstanın açıq sulara çıxışını asanlaşdırmağa hazırdır. Bundan başqa, İran neftinin boru kəməri vasitəsilə Əfqanıstana daşınması və qarşıdakı illərdə Əfqanıstanın qərbində iri neft emalı zavodlarının yaradılması iki tərəf arasında müzakirə olunan digər məsələlərdir. Birgə sənaye parkının yaradılması və kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi də diqqət mərkəzindədir. Amma bəzi cərəyanlar və ölkələr Tehran və Kabil arasında əlaqələrin genişləndirilməsinə qarşı çıxır”. Hələlik İran Talibanın fəaliyyətini yaxından izləyir. Tehranın narahatlığına səbəb odur ki, regiondakı ərəb ölkələri və ABŞ Talibanı İrana qarşı müharibəyə kökləyir. Bu fonda İran ərəb qonşularının nümayəndələrinin son zamanlar Kabil və Qəndəhara tez-tez səfərlər etməsi də Tehranda təşvişlə qarşılanır. “Comhuri-e Eslami” nəşri də iddia edir ki, Taliban digər regiondan kənar oyunçuların geosiyasi maraqlarına uyğun hərəkət edərək Əfqanıstanın şiə əhalisinə təzyiqi əhəmiyyətli dərəcədə artırıb. Əsas məqsəd Tehranın buna etirazı və əks addımları fonunda Talibanın İrana qarşı savaşa qoşulmasıdır. Özü də iddialara əsasən, Talibandan İrana qarşı quru əməliyyatlarında istifadə nəzərdə tutulur. ABŞ əvvəllər bu missiyanı regiondakı kürd qruplaşmalarına həvalə etmək istəyirdi. Amma bu istiqmətdə ABŞ-nin səyləri uğursuz oldu. Eyni missiya Taliban tərəfdən icra edilərdə, bu, ABŞ üçün müstəsna uğur olardı. Çünki yaxşı döyüş təcrübəsinə malik Taliban 936 kilomertlik Əfqanistan-İran sərhədindən asanlıqla hücuma keçə bilər.
Tahir TAĞIYEV