Rasim Quliyev: "Əhalisi yoxsul yaşayan ölkələrdən muzdlu əsgərləri Rusiya tərəfi muharibədə istifadə edir"
Keniya, Botsvana və Zimbabve başda olmaqla bir neçə Afrika ölkəsi Rusiya ordusunun tərkibində Ukraynaya qarşı döyüşərkən əsir düşmüş vətəndaşlarının geri qaytarılması üçün Ukrayna hakimiyyətinə müraciət edib.
Ekspetlər hesab edir ki, bu diplomatik cəhdlərin və müraciətlərin əsas təfərrüatları bəllidir. Afrika ölkələri həmin şəxslərin hərbi əsir deyil, beynəlxalq insan alverinin qurbanları kimi tanınmasını tələb edirlər.
Rəsmi Nayrobi və digər paytaxtlar bildirir ki, bu gənclər Rusiyaya sürücü, aşpaz, tikinti işçisi və ya mühafizəçi kimi yüksək maaşlı mülki iş vədləri ilə aldadılaraq aparılıb, lakin oraya çatdıqdan sonra məcburi şəkildə hərbi xidmətə və ön cəbhəyə cəlb olunublar.
Keniyanın xarici işlər naziri Musalia Mudavadi bəyan edib ki, hazırda Ukrayna düşərgələrində saxlanılan 5 Keniya vətəndaşının azad edilməsi üçün danışıqlar gedir. Hətta Keniya Prezidenti Uilyam Ruto bu barədə şəxsən Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib. Botsvana da eyni şəkildə əsirlikdə olan 1 vətəndaşını geri qaytarmağa çalışır.
Ukrayna tərəfi Rusiya və Şimali Koreya vətəndaşları istisna olmaqla, hazırda əsir düşərgələrində ən azı 213 əcnəbi vətəndaşı saxlayır və onlardan 37-si Afrika ölkələrinin payına düşür. Ukrayna rəsmiləri bu şəxsləri hərbi əsir hesab edir və onları gələcəkdə Rusiyanın əlində olan ukraynalı əsirlərlə dəyişdirmək üçün istifadə etməyi planlaşdırır.
Ukrayna kəşfiyyatının məlumatlarına görə, Rusiya indiyədək dünyanın 135 ölkəsindən 28 mindən çox əcnəbini aldadaraq və ya müxtəlif vədlərlə müharibəyə cəlb edib və onlardan 5 mindən çoxu döyüşlərdə həlak olub.
Afrika ölkələri Ukraynadan xahiş edib ki, Rusiyanın tərəfində vuruşub əsir düşmüş afrikalıları versin.
Bu fakt nəyi sübut edir?
Politoloq və "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyev baki-xeber.com-a bildirdi ki, zaman-zaman Rusiya-Ukrayna muharibəsində Rusiyanın hərbi kontingent baxımından əziyyət çəkdiyi barədə xəbərlər tirajlanır. "Və əhalisi yoxsul yaşayan ölkələrdən muzdlu əsgərləri Rusiya tərəfi muharibədə istifadə edir. Hətta Şimali Koreyadan say etibarilə çox böyük heyətin Rusiya tərəfdən müharibəyə qatılması barədə təkzibolunmaz faktlar da ictimailəşmişdi. Hətta dəfələrlə ya ticarət və ya turizm məqsədilə Rusiyada olan xarici vətəndaşların aldadılaraq müharibəyə aparılması faktları kifayət qədər səsləndirilib. Buradan belə nəticə çıxır ki, Rusiya-Ukrayna muharibəsində Rusiya tərəfinin itkiləri həddindən artıq çoxdur və bu itkiləri peşəkar hərbçilərlə doldurmaq imkanı yoxdur".
R. Quliyevin fikrincə, eyni zamanda itkilərin çox olması həm də onunla izah olunur ki, Rusiya tərəfi müasir texnoloji müharibə apara bilmir və canlı qüvvənin izafi itkisi hesabına hərbi mövqelər əldə etməyə çalışır.
İradə SARIYEVA